Seçkiqabağı Ərdoğana zərbə, həm də üçüncü ölkədən

Almaniyada Türkiyə seçkiləri ilə bağlı təbliğat-təşviqat aparılmasına qadağa qoyuldu
Sputnik

BAKI, 23 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident və parlament seçkiləri ərəfəsində Avropada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edəcəyini demişdi. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ərdoğanın bu açıqlamasından sonra Almaniyanın xarici işlər naziri Heiko Maas xarici ölkə siyasətçilərinin Almaniyada seçki kampaniyası aparmasına icazə verilməyəcəyini bəyan edib.

ABŞ-dan Türkiyəyə narahatlıq mesajı

Heiko Maas bu məsələdə mövqelərinin aydın olduğunu bildirib: "Xarici bir ölkədə keçiriləcək seçkilərdən üç ay əvvəl Almaniyada seçki kampaniyası aparıla bilməz. Bu, hansı ölkədə olmasından asılı olmayaraq, hamı üçün eynidir".

Türkiyə ilə ötən il baş verən mübahisələrin təkrarlanmamasını istədiyini vurğulayan Maas mübahisənin hər iki tərəfə də faydası olmadığını qeyd edib.

Digər tərəfdən, H.Maasla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ABŞ-da, Nyu-Yorkda planlaşdırılan görüşündə də Almaniyada başqa ölkə siyasətçilərinin seçki kampaniyası aparması ilə bağlı qadağanın müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Ərdoğan NTV telekanalına verdiyi açıqlamada Avropada yaşayan Türkiyə vətəndaşlarına müraciət edəcəyini demiş, hansı ölkəyə gedəcəyini hələlik açıqlamamışdı.

Onu da xatırladaq ki, ötən həftə Hollandiya və Avstriyadan da başqa ölkə siyasətçilərinin gəlib seçki kampaniyası aparmalarının qadağan edilməsi ilə bağlı oxşar açıqlamalar gəlmişdi.