CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı

Yerli sakinlər bildiriblər ki, sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür
Sputnik

BAKI, 21 aprel — Sputnik. Şamaxı rayonunda yeni istifadəyə verilən daha iki yol torpaq sürüşməsi nəticəsində dağılaraq təhlükəli vəziyyətə düşüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi  də sürüşməyə məruz qalıb. Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb.

Yerli sakinlər bildiriblər ki, sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür. Onların sözlərinə görə, əgər bunun qarşısı tezliklə alınmazsa yol qısa vaxtda tamamilə dağılaraq yararsız vəziyyətə düşəcək, avtomobillərin hərəkəti məhdudlaşacaq. Yolun bəzi hissələrində asfalt örtüyü 25-30 santimetr qabarıb ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında bu yoldan istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Yerli sakinlərin sözlərinə görə, sürüşməyə məruz qalan bu yolda təhlükədən  xəbər verən yol nişanlarının olmaması kəndlərə qonaq gələn sürücülərin qəza törətməsinə səbəb olur.

Başıbəlalı ərazi yenə sürüşdü, yol bağlandı

Bundan əlavə yenidən qurularaq bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Şamaxı-Göylər Padarçöl yolunun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Yoldan hər  gün istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun 7 hissəsində sürüşmə qeydə alınıb. Yerli sakinlərin və sürücülərin sözlərinə görə, yolun çökməsinə səbəb son günlər yağan intensiv yağışlarla yanaşı yolda hərəkət edən iri tonnajlı avtomobillərdi. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidənqurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, hazırda isə rahat yolun istifadəyə verilməsinə baxmayaraq ağır tonnajlı avtomobillərin sürüşmə zonalarından keçməsi səbəbindən yolun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər. Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə və torpaq sürüşməsinə nəzarətin artırılmasını istəyirlər. Şamaxı-Göylər-Padarçöl yolundakı bu problemlə əlaqədar artıq aidiyyatı qurumların əməkdaşları əraziyə cəlb olunub, iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

Qeyd edək ki, 6 ay öncə yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür.