Ana müxalifət də növbədənkənar seçki təklifini dəstəklədi

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında görüş olacaq
Sputnik

BAKI, 18 aprel — Sputnik. Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsi təklifi qızğın müzakirələrə səbəb olub.

Türkiyədə növbədənkənar prezident seçkiləri təklif edildi

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək. Bu görüşdə növbədənkənar seçkilərin müzakirə ediləcəyi gözlənilir.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) da bu təklifi müsbət qəbul edib.

Qeyd edək ki, "Türkiyənin 2019-cu ilin 3 noyabrına qədər dayanmağa gücü yoxdur. İstədiyiniz seçkidirsə, buyurun. 2018-ci il avqustun 26-da prezident və parlament seçkilərinin keçirilməsi xalqımızın düşmənlərinə dərs verməyin ən demokratik yoludur. Dövlətin birliyinə silah çəkənlər buna peşman edilməlidir", — deyə Baxçalı dünən bildirib.

MHP sədrinin növbədənkənar seçki təklifinə hökumətdən cavab gəlib. Baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, təklif səlahiyyətli orqanlar tərəfindən dəyərləndirilir: "Belə bir təklifin səsləndiyini yeni öyrəndim. Pərdəarxası məlumatım yoxdur. Təklif lazımi instansiyalarda dəyərləndirildikdən sonra açıqlama veriləcək".