TƏHLİL

Seçki bitdi, diqqət post-seçki dövrünə!

Prezident yeni komanda formalaşdıracaq, bu baxımdan yeni parlamentin də formalaşdırılması islahatların tərkib hissəsi olardı
Sputnik

BAKI, 13 aprel — Sputnik. Prezident seçkiləri başa çatdı. Hər kəsin gözlədiyi nəticələr elan edildi. Bəzi beynəlxalq təşkilatların tənqidi ilə yanaşı, əskər ölkə liderləri İlham Əliyevi qələbə münasibətilə təbrik etdilər və bununla da seçki dövrü arxada qaldı. İndi diqqətlər başqa səmtə yönəlib və hamını bir sual düşündürür: Bundan sonra nə baş verəcək?

Azərbaycan prezidentinə təbrik məktubları gəlir

Seçkinin nəticələri müəyyən məsələlərə aydınlıq gətirdi. Nəzərlər daha çox ikinci yeri kimin tutacağına yönəlmişdi. Faktiki olaraq, ikinci yerin sahibi yeni formalşdırılacaq ana müxalifətin yeni lideri elan oluna bilərdi. Belə ki, konstruktiv müxalifət kimi səciyyələndirilən partiyaların birləşdirilməsi prosesi başlana bilərdi.

Unutmaq olmaz ki, qarşıdan parlament seçkiləri gəlir və "ikinci yerin sahibinin" birləşmiş partiyanın parlamentdə təmsilçilsi məsələsi məsələsi müzakirə predmeti ola bilərdi. Lakin Zahid Orucun ikinci pillədə qərar tutması bu ssenarini pozmuş oldu.

İndi başqa problemlərin həlli zəruridir. Bu gün Azərbaycan cəmiyyəti islahatların aparılması və rüşvətin, məmur özbaşınalığının aradan qaldırılmasını arzulayır. Bu barədə elə ölkənin birinci şəxsi özü də danışır. Hədəf bəllidir. İnsanların narazılığına səbəb olan məmurları istefaya göndərilməsi və yeni islahatlara başlanilması qaçılmaz görünür.

Əlbəttə, bu islahatlar və əllərində böyük maliyyə vasitələri olan məmurların maraqlarının zərbə alması onların siyasi hakimiyyətə qarşı çıxma cəhdlərinə də səbəb ola bilər. İstənilən halda, siyasi hakimiyyət islahatları davam etdirməli və əhalinin yumşaq desək, nifrət elədiyi məmurlardan azad olmalıdır. Görünür, bunu ölkə rəhbərliyi də ciddi təhlil edir və odur ki, qeyd olunan islahatların aparılacağını ehtimal etmək mümkündür.

Artıq yeni parlament seçkilərinə də ehtiyac yaranır. Prezident yeni komanda formalaşdıracaq, bu baxımdan yeni parlamentin də formalaşdırılması islahatların tərkib hissəsi olardı. Digər bir amil isə iqtisadi azadlıqların genişləndirilməsidir. Ümumiyyətlə, seçkidən sonra kadr və struktur islahatlarının aparılacağı anonsu artıq çoxdan verilirdi.

Getdikcə cəmiyyətdə də münasibətlər sisteminə korrektələr etmək lazım olacaq. Bütün bunlar həm iqtisadi, həm də siyasi zəmində yeni dəyişikliklərə rəvac verə bilər. Bu baxımdan, yeni komandanın formalaşması aktualdır. Odur ki, Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklərin olacağını ehtimal etmək olar.

İlham Əliyevlə maraqlı selfilər - VİDEO

Seçkilərin nətiicələrinin bəzi beynəlxalq təşkilatlar tərəfindən tənqid olunmasına isə texniki məsələ kimi yanaşmaq mümkündür. Əsas proseslər seçkidən sonra baş verənlərdir. Bu gün Avropa İttifaqı ilə yeni sazişin hazırlanması istiqamətində danışıqlar gedir. Bu baxımdan, seçkilərin tez keçirilməsi hər iki tərəfin marağında idi.

Azərbaycan hakimiyyəti Qərb üçün cəlbedicidir. Qərb texnoloqlarında belə bir rəy formalaşıb ki, iqtidar dəyişərsə, Azərbaycan siyasətində İran amili xeyli dərəcədə güclənə bilər. Nəticədə iranpərəst siyasətçilər Azərbaycanı və regionu öz nüfuz dairələrinə ala bilərlər.

Daha bir məqama diqqət yetirək. Mətbuatın yazdığına görə, Azərbaycan İsrail texnoloqlarının və xüsusi xidmət orqanlarının yardımından geniş istifadə edir. Rəsmi Bakı beynəlxalq yəhudi lobbisini də öz müttəfiqinə çevrib. Bu amil dünyadakı erməni lobbisi ilə mübarizədə önəmli rol oynayır.

Və İsrail Azərbaycan müxalifətinin böyük əksəriyyətini antisemit, türkçü və islamçı hesab edir, bu səbəbdən də Azərbaycanda belə qüvvələrin iqtidara gəlməsində maraqlı deyil. Nəzərə alaq ki, İsrail Azərbaycan kimi geosiyasi önəmi olan ölkə ilə münasibətlərini hər zaman yüksək səviyyədə saxlamağa çalışır.

Daha önəmli bir səbəb ondan ibarətdir ki, Qərb bölgədə sabitliyin pozulması, Qarabağda hərbi əməliyyatların başlanması perspektivindən narahatdır. Qərb siyasi dairələrində hansısa radikal kəsimin iqtidara gəlməsini və sülh danışıqlarının pozulmasını istəmirlər.

Digər ən önəmli səbəblərdən biri də Azərbaycanda yeni maliyyə və əmlak bölgüsü olması ehtimalıdır. Ukraynada müxalifətin önəmli simaları böyük sərvətə sahib olan oliqarxlar idi. Mübarizə daha çox oliqarxlar arasında gedirdi. Azərbaycanda isə bu mübarizə tam fərqli müstəvidə cərəyan edir. Xüsusilə də Qərb Azərbaycanda on milyardlarla dollar vəsaitin, onu nəyə yönəldəcəyi bəlli olmayan qüvvələrin əlinə keçməsini istəmir.

İstənilən halda prezident seçkiləri başa çatdı. Qarşıdan isə parlament seçkiləri gəlir. Və bu seçkilərə indidən hazırlaşmaq lazımdır…