BAKI, 13 aprel — Sputnik. Professor Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi" kitabının təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, ziyalılar, tarixçilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan millət vəkili, professor Musa Qasımlı Aygün Attarın pedaqoq və ziyalı kimi Türkiyədəki fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, müəllif Türkiyədə Azərbaycan həqiqətlərinin, ölkəmizin tarixinin təbliği üçün böyük işlər aparıb: "Təqdim olunan "Erməniçilik müasir dövrün böyük problemi kimi" kitabı sanballı tarixi əsərdir. Bu kitab Aygün Attarın üç cəhətini- siyasi mübarizliyini, elm-təhsil təşkilatçılığını və arxivçi-tarixçiliyini özündə birləşdirir. Kitab zəngin arxiv materialları əsasında yazılıb".
Professor Elçin Əhmədov bildirib ki, bu kitab erməni məsələsinin sistemli və kompleks şəkildə araşdırılmasına həsr olunub: "Bu kitabda 1630-cu ildən bu yana baş verən hadisələr ayrı-ayrılıqda təhlil olunub. Kitabda kapitalistləşən, siyasiləşən, terroristləşən, dövlətləşən və qloballaşan erməniçiliyin xüsusiyyətləri, gördükləri işlərin mahiyyəti göstərilib. Kitabda birinci dünya müharibəsi ərəfəsində, həmçinin 1918-20-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlar elmi mənbələrin əsasında təhlil olunur. Kitabın ən mühim cəhəti isə daha çox xarici mənbələrin əsasında hazırlanmasıdır. Bu dəyərli iş həm daxildə, həm xaricdə yaşayan azərbaycanlılar üçün bir nümunədir".
Millət vəkili Adil Əliyev kitabın müəllifinə təşəkkürünü bildirib. O qeyd edib ki, bu kitabın Türkiyə türkcəsində yazılması sevindirici haldır. Sonrakı dövrlərdə kitabın ingilis və rus dillərinə tərcümə olunaraq yayılması zəruridir. Xaricdə fəaliyyət göstərən diaspora nümayəndələrimiz, beynəlxalq təşkilatlarda çalışan həmyerlilərimiz bu kitabı mütləq şəkildə əldə edib gerçək tarixi həqiqətlərin təbliği üçün yararlanmalıdırlar.
Daha sonra çıxış edənlər əlavə ediblər ki, ümumilikdə "Erməniçilik müasir dövrün böyük problemi kimi" əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır və müxtəlif dillərə tərcümə edilərək yayılması vacibdir.