SƏHİYYƏ

Peyvəndlərlə bağlı gəzən söhbətlərə aydınlıq gətirildi

Pediatrın sözlərinə görə, bu gün ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir
Sputnik

Zarina İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan uşaqlarının peyvəndi ilə bağlı bütün mifləri dağıdıb. Həkim uşaqlara zərdabın vurulmasının müsbət tərəflərini izah etməyə çalışıb. Valideynlərə panikaya düşmədən uşaqlarını peyvənd elətdirməyi və bununla bağlı şayiələrə qətiyyən inanmamağı tövsiyə edib. 

11 peyvənd

Pediatrın sözlərinə görə, bu gün ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Körpələrə bir həftəliyində poliomielit, vərəm və hepatit B-yə qarşı peyvənd vurulur. Sonrakı iki ay ərzində həkimlər uşaqları göy öskürək, difteriya, tetanus və pnevmokoka qarşı peyvənd edirlər. Bir yaşa qədər isə uşaqlara qızılca, məxmərək və qulaqdibi əleyhinə peyvənd vurulur. 

Hər bir zərdabın uşaqda immunitet yaratması üçün müəyyən doza və zaman tələb olunur. 

Yoluxucu xəstəliklərlə bağlı vəziyyət aydınlaşdı - Vətəndaşlara müraciət

"Elə xəstəliklər var ki, onlara qarşı bir peyvənddən sonra immunitet yaranır. Lakin elə xəstəliklər də var ki, onlara qarşı dozanı artırmaq şərtilə bir neçə dəfə peyvənd eləmək lazım gəlir” – deyə Quliyev poliomielit kimi xəstəliklərin bir neçə dəfə peyvənd tələb etdiyini izah edib. 

Peyvəndin uğurları

Pediatr Azərbaycanda qızılca, məxmərək, poliomielit və difteriya kimi xəstəliklərin aradan qalxdığını qeyd edib. Onun fikrincə, əgər valideynlər kütləvi surətdə peyvənddən qaçsaydılar, bu nəticə əldə olunmazdı: “Bu xəstəliklərin qarşısını ancaq peyvəndlə almaq olar. Demək olar ki, bu gün peyvəndləşmə 95% təşkil edir. Lakin bəzi valideynlər daha çox şayiələrə inanırlar, nəinki hələlik alternativi olmayan peyvəndlərin nəticələrinə” – deyə pediatr bildirib. 

Hamısı eyni şeydir, amma birində qiymət bahadır

Bu gün Azərbaycanda uşaqları həm dövlət xəstəxanalarında, həm də özəl klinikalarda peyvənd elətdirmək mümkündür. Özəl klinikalarda peyvəndlər 40 manatdan 200 manatadəkdir. Quliyev bunu onunla izah edib ki, Səhiyyə Nazirliyi, özəl klinikalardan fərqli olaraq, çoxdozalı preparatlar alır. Dövlət poliklinikalarında minlərlə uşaq qeydiyyatda olur. Bahalı zərdabları almağa hər klinikanın imkanı yoxdur. Dərmanların keyfiyyəti eynidir, çünki onların hamısı Ümumdünya Səhiyyə Təşkilatının vahid standartına uyğun hazırlanır. 

İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır

Peyvənddən sonrakı qorxu

Həkim xəbərdarlıq edir ki, istənilən dərman preparatı hər an müxtəlif reaksiyalar doğurmağa qadirdir. Hətta novokain belə anafilaktik şokun səbəbi ola bilər. Peyvəndlər də eynilə uşaqda müxtəlif reaksiya doğurur. Amma bütün təhlükələr nisbidir. Quliyevin dediyinə görə, difteriya xəstəliyinə yoluxan hər 100 uşaqdan 45-i ölür, qalanları isə immunitet qazanır. Lakin difteriyaya qarşı peyvənd olunan milyon uşaqdan yalnız birində ciddi neqativ nəticələr meydana çıxa bilər: "Məgər 45%-lə milyonda biri müqayisə etmək olar?!” 

Lakin arzuolunmaz nəticələrlə bağlı həkimlər xəbərdarlıq etməlidirlər. Misal üçün, əgər pasient allergiyalıdırsa, qabaqcadan önləyici tədbirlər görülməlidir. Əgər uşaq xəstədirsə, tibb işçiləri onun sağalmasını gözləyir və sonra peyvənd edirlər. Son zamanlar Azərbaycan “canlı” zərdabları almağı dayandırıb və təsirsiz vəziyyətə gətirilmiş (öldürülmüş) zərdablara üstünlük verir. Peyvənd zamanı orqanizmə virusun özü deyil, immunitet yaratmağa qadir olan molekulu yeridilir. 

"Biz niyə hazırda çiçəyə qarşı peyvənd eləmirik? Çünki zərdab hələ sellülardır və tərkibində virus hüceyrələri var. Ona görə də Azərbaycan digər Avropa ölkələri kimi onu almır” — deyə baş pediatr əlavə edib. 

Yeni peyvəndlər 

Tanınmış azərbaycanlı idmançının sağlamlığı təhlükədədir

Peyvəndləşdirmə siyasətini həyata keçirən ölkələr 13-dən artıq peyvənd eləmirlər. Bu dövlətlərdən fərqli olaraq, Respublikamızda çiçək və rotavirusa (uşaqlarda diareyaya səbəb olan infeksion xəstəlik) qarşı peyvənd edilmir.

Quliyev qeyd edib ki, rotavirusa qarşı əvvəlki peyvəndlərdə qüsurlar var idi. Bu peyvənd uşaqlarda bağırsaq keçməzliyinə səbəb olurdu. Ona görə də Azərbaycan bir daha onu almadı. Yeni preparatda isə bu problem aradan qaldırılır. Buna görə də ola bilsin Azərbaycan gələcəkdə həmin peyvəndi də peyvəndlər təqviminə əlavə elədi. 

Qeyd edək ki, 2017-ci ilin iyununda Sumqayıtda 140-dək uşaq kanalizasiya sularının içməli suya qarışması səbəbindən rotavirusa yoluxaraq xəstəxanalara yerləşdirilmişdi.