MƏDƏNİYYƏT

Məşhur musiqiçi Bakıya gələcək

Martin Solveig Dua Lipanın konsertindən sonra səhnəyə çıxaraq yarış həftəsonuna öz damğasını vuracaq
Sputnik

BAKI, 5 aprel — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünyaca məşhur DJ Martin Solveig 29 aprel tarixində baş tutacaq Dua Lipanın konsertindən sonra səhnəyə çıxaraq əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. Bu barədə Sputnik Azərbaycan-a BŞH-dən məlumat verilib.

Formula 1 yarışına vauçer alanların nəzərinə!

Əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında baş tutacaq. Yarış həftəsonunun son gecəsi Dua Lipanın konsert proqramından dərhal sonra əfsanəvi DJ Solveig səhnəyə çıxaraq F1 həvəskarlarını öz məşhur trekləri ilə səhərədək rəqsə sövq edəcək.

Paris əsilli sənətçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazanıb. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir.

Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi "Hello" mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan "Smash" mahnısı 4 ölkədə ən çox dinlənən trek adına yiyələnib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna "MDNA" albomunda yer alan 6 treki DJ Solveig ilə birlikdə yenidən aranjıman edib. Həmçinin Martin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib.

M.Solveig 2015-ci ildə "Intoxicated" mahnısını buraxıb. Qısa müddət ərzində Böyük Britaniyada ilk 5-liyə daxil olan bu mahnı ardıcıl olaraq 24 həftə həmin cədvəldə qalıb və bu uğura görə fransız DJ Avropa üzrə platinium və qızıl mükafatlarına layiq görülüb.

Bundan başqa, Solveig-in Tkay Maidza ilə birlikdə 2016-cı ildə buraxdığı "Do It Right" mahnısı Stuart Weitzman-ın 2016-cı ilin payız mövsümünə həsr etdiyi kampaniyanın saundtreki kimi istifadə olunmuşdu. Supermodel Gigi Hadid-in rol aldığı bu kampaniyanın rejissor işi hərtərəfli istedada malik James Franco-ya məxsusdur.

O, Ina Wroldsen ilə birlikdə buraxdığı "Places" adlı mahnısı ilə yaradıcılığında yeni musiqi çalarlarını kəşf edib. Sənətçinin yaxın dostu supermodel Arizona Muse mahnının klipində rol alıb və "Places" treki BBC Radio 1-in himninə çevrilib.

Qısa müdddət sonra Solveig Alma ilə birlikdə yaddaqalan ksilofon ritmləri, bassline, nəfəsli musiqi alətlərində səsləndirilən fanfar və melodik ritmə sahib "All Stars" adlı mahnısını buraxıb.

Solveig çoxyönlü sənətçi kimi məşhurluq zirvəsini fəth etməkdədir. Bir neçə həftə əvvəl sənətçi ictimaiyyətə açıqlayaraq bildirib ki, 2018-ci ilin sonu işıq üzü görəcək yeni albomunun üzərində işlərə başlayıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Martin Solveig-in Bakıya gəlişinə belə münasibət bildirib: "Bu il Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Martin Solveig kimi istedadlı və dünyaca məşhur DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Onun uzun illərdir elektron rəqs musiqisinə olan təsiri inanılmazdır. Formula 1 həvəskarları üçün yalnız bir biletlə həm Dua Lipanın konsertində, həm də əyləncə proqramında iştirak imkanını yaratmağımız fəxr etdiyimiz nüanslardan biridir. Bakıda hər gecə səhərədək əyləncə olacaq! Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!"

Formula 1-də daha bir sürpriz qonaq

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 11-dən etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:

Yer Ünvan

1 Park Bulvar 92 Neftçilər Prospekti, Park Bulvar TM 10:00 — 22:00

2 ASAN 2 (AMAY) ASAN, Alfred Nobel küç. 23, Xətai

3 ASAN 3 (Fresco Market) ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal

4 Gənclik Mall Fətəli Xan Xoyski 38, Bakı 10:00 — 22:00

5 Heydər Əliyev Sarayı Bül-Bül pr.35., Bakı 11:00 — 19:00

6 Kiosk 1 (Azərbaycan kinoteatrı) Rəsulzadə və Əziz Əliyev kəsişməsində 12:00-21:00

7 Kiosk 2 (Kontinental Market) Nizami küç.95 11:00 — 19:00

8 Kiosk 3 (Hökümət Evi) Üzeyir Hacıbəyli küç. 69 10:00-18:00

9 28 Mall Azadlıq pr 45 TM 28 MALL 10:00-22:00

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat üçün media@bakugp.az elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.