CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şey bizim başımıza gələcəkmiş, bu da gəldi

Bu dəfə özümüzünkülər qınanılası deyil
Sputnik

BAKI, 2 aprel — Sputnik. Vallah, qınanılası deyil. Bu dəfə olanlara və olacaqlara görə heç bir qoltuğunun altı qovluqlu məmurumuz qınanılası deyil. Bizimki bineyi-qədimdən gətirməyib, qardaş.

Paytaxtda öncədən xəbərdarlıq edilən hadisə baş verdi

Dünyanın harasında hansı imperiya öz torpaqlarını artırmaq istəyibsə, bizim üstümüzə çöküb. Hansı hökmdar hansı hökmdarın üstünə yürüşə çıxıbsa, gəlib bizim üstümüzdən keçib. Şərqdən Qərbə, Şimaldan Cənuba kim hara basqın edibsə, hökmən yolüstü buraları çapıb-talayıb.

Yəni bizim dərdimiz qışın ortasında qaz, yayın cır-cırında su, serialın şirin yerində işıq kəsilməsi qədər sadə deyil. Bizim dərdimizin ömrü yük avtomobilinin arxasında pusquya yatan yol polisi əməkdaşının radara düşəcək maşın gözləməsi qədər qısa deyil. Və bizim dərdimizin miqyası mətbuat nümayəndələrini "küçük" adlandıran ağsaqqal bir "akademik"in vəzifəsi qədər kiçik deyil. Bizim dərdimiz daha böyükdür – Manna dövlətinin başına gətirilənlərdən üzü bu yana…

Onu deyirdim axı, bu dəfə olanlara və olacaqlara görə həqiqətən də bizimkilər qınanılası deyil. Ərəbistan çöllərində qum fırtınası qopur, ərəblər özləri çadırdan başlarını çıxarıb nə baş verdiyini ayırd etməmiş Bakının başının üstünü toz-duman bürüyür.

Buna Hacıbala müəllim neyləsin – Heç nə! Bircə ərəb ölkələrinin Bakıdakı səfirlərini meriyaya dəvət edib "İnanın, sizin əziz toz-dumanınızı qəbul etmək üçün Bakımızın infrastrukturu hələ yetərli deyil, üzünüzü Atlantik okeanına çevirin" xahişini edə bilər ki… Onu da abırından etməz.

Yenə bu ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyəcan siqnalı verir ki, "Güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 18-23, arabir 25-30 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcək". Və ardınca qoparaq qopur. Külək bunu burda aşırır, onu ordu uçurur, ölən ölür, qalan gizlənir.

Azərbaycanda güclü külək insan ölümünə səbəb oldu

Diqqət edin: "Şimal-qərb küləyi". Çox sadə şəkildə bu fırtınanın vətəni nişan verilir – Rusiya və Avropa qitəsi. Bəs, niyə biz? Niyə o hava siklonları öz vətənini deyil, bizim buraları viran edir? İndi burda Hüseynqulu müəllimin günahı varmı – Yoxdur! Adam o boyda böyük dövlətlərdən gələn bəlanın qarşısını alacaq deyil ha!

Yaxın Şərqdən gələn "ərəbski", Şimal-qərbdən gələn "russki-fransuzki" dərddən başımız açılar-açılmaz, bir hoqqa da bu tərəfdən çıxdı. Ki, sən demə, başımız Uzaq Şərqdən gələn "kitayski" bəladaymış. Çinin öz işini başa çatdırmış ilk kosmik stansiyası olan "Tyanqun-1"-in qalıqları Azərbaycan ərazisinə düşə bilərmiş. Həm də icazəsiz-filansız.

Ay balam, sizin 9.6 milyon kvadrat kilometr əraziniz, 1.5 milyard nəfər əhaliniz var, bizim 87 min kvadrat kilometr (onun da 20 faizi işğal altındadır) ərazimiz, 9 milyon nəfər əhalimiz. İndi bu, ədalətdirmi ki, kosmosa göndərdiyiniz o stansiya hərlənib-fırlanıb gəlib bizim başımıza düşə?

Axı, niyə biz? Niyə, özünüz, ya da qonşuluğunuzdakı 1.5 milyon kvadrat kilometrlik boz Monqolustan səhraları deyil, təzə-təzə əkin-biçinə həvəslənən, bunun üçün münbit torpaqlarımızın olduğunu xatırlayan biz?

Yaxşı, indi bu məsələdə ölkə sərhədlərimizin giriş-çıxışına məsul olan Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi qınanılasıdırmı – Xeyr! Belə baxanda, biz o qurumları heç özlərinə aid məsələlərdə də qınamırıq. Nəyimizə lazımdır?!