İDMAN

Dünya çempionu: "Atam evimizi satıb, pulunu milli komandaya düşməyimiz üçün xərclədi"

"Amma idmançılara pul ona görə verilmir ki, onlar həmin pula maşın, ev alıb idmandan uzaqlaşsınlar. Özləri isə ulduz xəstəliyinə tutulsunlar. O pul ona görə verilir ki, nəticələrin ardı gəlsin"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Azərbaycan idmanı deyəndə, ən çox güləşçilər yada düşür. Çünki ölkəmizə mötəbər yarışlardan ən çox medal gətirənlər məhz onlar olur. Olimpiya kimi mötəbər yarışda da Azərbaycan bayrağını məhz bu idman növündə çıxış edən idmançılarımız dalğalandırıb.

Sputnik Azərbaycan üç dəfə dünyanın ən güclüsü olmuş, Olimpiya oyunları mükafatçısı, güləşçi Hacı Əliyevlə müsahibəni təqdim edir:

— İdmanda uğur qazanmaq heç də asan deyil. Yüzlərlə idmançı məşq edir, amma bir idmançı dünya çempionu olur. Düşünmürsünüz ki, bunun özü də Allah vergisidir?

— İnsan dünyaya gələndə Allah artıq onların taleyini yazır. Mənim də taleyim belədir. İdmana gələndə heç vaxt ağlıma gəlməzdi ki, üçqat dünya çempionu ola bilərəm, Olimpiadada medal qazanaram. Amma Allah mənə bunu nəsib elədi. Mən qardaşımla məşqə bir başlamışam. Eyni vaxtda eyni məşqi etmişik. Onun ən böyük nəticəsi böyüklər arasında Avropa üçüncüsü olmaq oldu. Mən isə bir idmançının qazana biləcəyi bir çox uğurlara imza atmışam. Düşünürəm ki, bunlara səbəb qismət və düzgün məşq etməkdir. Yəni əziyyət də çəkməlisən ki, nəticən olsun. İdman elə bir sənətdir ki, məşq etməsən, zəifləyərsən.

Azərbaycan güləşçisi Hacı Əliyev

— Bir qız övladınız var. Sizin yolunuzu davam etdirməsini istərdiniz?

— Qətiyyən. Nə qədər ki, sağam, qızımı çətinlik çəkməyə qoymaram. İdmanla qız hara qədər gedəcək? Ondansa oxusun, təhsil alsın, əlində sənəti olsun. Ailə qurandan sonra istəsə, işləyər. Mən nə qədər sağam, qızımın işləməsinə belə icazə verməyəcəm. Qızı qorumaq lazımdır. Nə vaxtsa oğlum olsa, mənim nəticələrimə baxıb həvəslənsə, bəlkə qoyaram. Amma özüm məcbur etmərəm.

— Bir çox idmançılar idmanla bərabər biznes də qururlar. Hacı Əliyevin biznesi var?

— Biznes elədir ki, onu yalnız özün idarə etməlisən. Heç kim sənin kimi işinə can yandırmayacaq. İdmançı üçün ən yaxşı biznes daşınmaz əmlak alıb, icarəyə verməkdir. Ondan yaxşı biznes yoxdur. İdmanı atandan sonra büdcədə pul olarsa, ona uyğun iş görmək olar. Mənimsə fikrimdə belə bir plan yoxdur. Bir məqsədim var, o da Olimpiya çempionu olmaq. İdmanla başqa işi qarışanda idman alınmır. İdmanın zamanı var. İdmançı 35 yaşa kimi məqsədlərinə çatmalıdır. Ondan sonra başqa işlər görmək olar. Biznesdənsə, Gənclər və İdman Nazirliyində, Olimpiya Komitəsində və ya digər idman idarəsində işləyərək idmançılara dəstək olmaq istəyərəm. İllərimi bu sənətə verdiyim üçün idmançıları daha yaxşı anlaya bilərəm.

Azərbaycan güləşçisi Hacı Əliyev

— İdmançıya dəstək olunmalıdır. Sizə dəstək kimdən olub?

— Mənə valideynlərim dəstək olub. 2000-ci ildə Bakıya gəldik. O zaman biz milli komandaya düşə bilmirdik. Atam evimizi satdı, milli komandaya düşməyimiz üçün pulunu və zamanını bizə xərclədi. 2000-ci ildən 2013-cü ilə kimi kirayə yaşadıq. Atam özü də güləşçi olduğu üçün bu incəlikləri bilirdi. Yay aylarında bağ evi kirayələyirdi, qardaşımla məni məşq etdirmək üçün 4-5 başqa güləşçi də götürüb bağa aparırdı. Həm məşq etməyimizə kömək olurdu, həm də yeməyimizi bişirib, qabımızı yuyurdu. 2014-cü ildə mən Avropa, ardınca da dünya çempionu olandan sonra prezident İlham Əliyev mənə ev verdi və biz kirayələrdən çıxdıq. Atamın satdığı evin bir neçə qatını qazandım. Bu günə kimi güləş aləmində övladına atam qədər dəstək olan ikinci valideyn olmayıb. Mənim də nə qədər canım sağdır, valideynlərim üçün əlimdən gələni edəcəm.

— Hacı Əliyev güləş klubu və ya məktəbi açmaq istəməz?

Azərbaycan güləşçisi Hacı Əliyev

— Belə bir fikrimiz var. Sadəcə zaman lazımdır. Sponsor olmalıdır ki, bu işə dəstək olsun. Amma məktəb açmaq fikrim var. Olimpiya oyunlarına kimi güləş məktəbi açmağı planlayırıq.

— Son illərdə bəzi idmançılar bir-iki medal qazanandan sonra "ulduz xəstəliyi"nə tutulurlar…

— Heç vaxt uğur qazanmayan bəzi idmançılar bir neçə yarışda medal qazandı və prezident onlara pul verdi. Əslində, bu gözəldir. Amma idmançılara pul ona görə verilmir ki, onlar həmin pula maşın, ev alıb idmandan uzaqlaşsınlar. Özləri isə ulduz xəstəliyinə tutulsunlar. O pul ona görə verildi ki, nəticələrin ardı gəlsin. Təəssüflər olsun ki, bir çox idmançı bunu anlamır. Məndə isə belə bir xasiyyət yoxdur. İdmançıyamsa, işim uğur qazanıb nəticə göstərməkdir. Uğur isə başımı gicəlləndirməli deyil, əksinə o uğuru qoruyub saxlamaq lazımdır.