BAKI, 30 mart — Sputnik. Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.
Nazir deyib ki, ABŞ-ın Rusiyadakı səfiri Con Hanstman Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib. Lavrov bu addımın ABŞ-ın rusiyalı diplomatları öz ərazisindən çıxarmasına cavab olduğunu bildirib.
Bundan əlavə, Rusiya 60 ABŞ diplomatını da ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub. Bu barədə isə Rusiya XİN-in məlumatında deyilir.
Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı Baş konsulluğunun işçisi olduğunu bildirilir.
Xatırladaq ki, ABŞ "Skripal işi"nə görə onlarla rusiyalı diplomatı ərazisindən çıxarıb.