CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlıların qoz-fındıq davası: Kimdir müqəssir?

Bayramı evində xonça bəzəməklə yox, şəhər şənliklərində qoz-fındıq davasına çıxmaqla keçirən adamlar o qədər də xoş olmayan vəziyyətin göstəricisidir
Sputnik

BAKI, 30 mart — Sputnik. Ölkənin hər tərəfində Novruz şənlikləri keçirilirdi. Tez-tez müxtəlif bölgələrdə və paytaxtda keçirilən şənliklərin videoları sosial şəbəkələrdə qarşımıza çıxır.

Bakıya bahar gəlib: Bayram əhval-ruhiyyəsi şəhəri tərk etmir

Bu bayram tədbirlərinin əvvəli səliqəli, bər-bəzəkli görünür. Üstünə min cür naz-nemət düzülmüş bayram süfrələrinin üstündəki şəkərburalar, paxlavalar, qoğallar, qoz, fındıq, badam, şabalıd və iydələr göz oxşayır. Milli geyimli rəqqaslar və rəqqasələr qol açıb rəqsə hazır dayanır. Kosa, Keçəl və Bahar qızı obrazındakı aktyorlar, aktrisalar oyunlarını icra edirlər. Bir yanda qurulmuş kiçik səhnələrdə bəzən həvəskar, bəzən də peşəkar müğənnilər oxuyur.

Hərdən bu əyləncəli tədbirlərin arasında bir rəsmiyyət də yaranır. Rəsmi geyimli icra başçıları, millət vəkilləri, bələdiyyə nümayəndələri izdihamın içindən yol aça-aça, əmin addımlarla yeriyir, xalqa təbəssüm sərgiləyirlər. Daha sonra rəqslər, oyunlar, mahnılar davam edir və tədbir sona çatır. Əsas məsələ də bundan sonra başlayır.

Elə ki, tədbir aparıcıları proqramın bitdiyini elan edirlər, bayram şənliyinin tamaşaçıları üstündə Novruz şirniyyatları və çərəzləri düzülmüş masaya hücum çəkir. Qoz, fındıq, badam, şabalıd və iydələri ovuclayan kim, şəkərbura, paxlava və qoğalları ciblərinə, çantalarına dolduran kim!?

Belə acınacaqlı, rəzil hadisələrdən birinin yayımlanmış videosunda yeniyetmə bir oğlan masanın üstünə uzanıb bütün şirniyyatları, çərəzləri ağuşu ilə örtmüşdü ki, başqaları götürə bilməsin. Qocasından yetkininə, cavanından uşağına qədər – hamı bir qoz üçün, bir fındıq üçün, bir qoğal üçün mübarizə aparır, bir-birini dartır, itələyir və hirslənəndə söyürdülər.

Bu adamlar bir ovuc nemət üçün niyə belə edirlər? Niyə bir bayram süfrəsində "kim daha çox azuqə topladı" yarışına çıxıblar? Burda iki vacib nüans var. Birincisi, xislət məsələsidir. Yəni bəzi insanlar belə hallarda ehtiyacı oldu-olmadı, küyə düşər, acgözlük edər, özünü itirər, sürü psixologiyasına qapılar və nəticədə bütün çirkinlikləri aşkar olar.

Bakıya bahar gəlib: Bayram əhval-ruhiyyəsi şəhəri tərk etmir

İkincisi, bəzilərinin bir qoza, bir fındığa, bir qoğala həqiqətən də ehtiyacı var və sadəcə evindəki gözləyən kəslərə bir diş də olsa bayram neməti aparmağın dərdindədir. Çünki bunu alacaq, bişirəcək imkanı yoxdur. Bu iki halın heç biri istisna deyil. Heç şübhəsiz ki, o bayram masalarının üstündə dalaşan adamların içində hər iki qrupun nümayəndələri var.

Birincilərlə işimiz yoxdur. Onları yalnız elm, mədəniyyət və yaxşı psixoloqlar düzəldə bilər. Bir cəmiyyət olaraq, problemimiz ikincilərdir. Bu adamlar niyə bu qədər ehtiyac içindədirlər? Bəs hanı rəsmi qurumların statistik açıqlamalarındakı iş yerləri? Bəs hanı yaxşılaşdırılmış həyat şəraiti?

O bayram tədbirinin içindən keçən dövlət nümayəndələri bu sonluğa niyə tamaşa etmirlər? Geyimlərindən vəzifə, yerişlərindən şöhrət, duruşlarından şuxluq, baxışlarından təbəssüm yağan kürsü sahibləri bu vəziyyətə niyə biganə qalırlar?

Bayramı evində xonça bəzəməklə yox, şəhər şənliklərində qoz-fındıq davasına çıxmaqla keçirən adamlar o qədər də xoş olmayan vəziyyətin göstəricisidir. Bu insanların həyat şəraiti vəzifə sahiblərinin pafoslu çıxışlarından yox, o bayram süfrələrindəki yaşam mübarizəsindən bəllidir.

Bəs kim daha çox günahkardır? O şənliklərin içində yeriyərkən camaatı istehzalı təbəssümlə süzən məmurlarmı? Yoxsa o məmurlara gözündə kədərlə, dodağında gülüşlə, amma bütün hallarda susqunluqla baxan sıravi insanlarmı?