CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur"

Tədbirdə 1918-ci ilin Mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub
Sputnik

BAKI, 29 mart — Sputnik. UNEC-də azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan "31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət" mövzusunda elmi-praktiki konfrans keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov erməni millətçilərinin əsrlər boyu "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini bildirib. Tarixi mənbələrdə ermənilərin qul olduğunu təsdiqləyən sənədlərin mövcudluğunu diqqətə çatdıran rektor onların xarici havadarlarının köməyi ilə əzəli torpaqlarımızın işğalını öz məqsədlərinə çevirdiklərini vurğulayıb. O, Azərbaycan torpaqlarında törədilmiş erməni soyqırımlarına qarşı xalqımızın birgə mübarizə aparmasının vacibliyindən danışıb.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri və beynəlxalq təşkilatların ölkəmizin haqq işini müdafiə etdiyini, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə 155 ölkənin səs verdiyini xüsusi vurğulayan rektor, bununla həmin ölkələrin dövlətimizə və onun siyasətinə öz dəstəyini nümayiş etdirdiklərini qeyd edib. Rektor ölkə başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı Sərəncamı mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addım olduğunu diqqətə çatdırıb. 

Ölkə QHT-lərindən 31 mart soyqırımı ilə bağlı yekdil mövqe

Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 31 mart soyqırımını insanlığı qarşı törədilmiş ən ağır cinayət adlandıraraq, bu soyqırımın törədilməsi səbəblərini açıqlayıb, ağır nəticələrindən danışıb. Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çox sayda yeni fakt və sənədlərin toplandığını diqqətə çatdıran M.Qasımlı Quba şəhərində aşkarlanan kütləvi məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutu kimi səciyyələndirib. Millət vəkili bildirib ki, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib. O, yalnız 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildiyini diqqətə çatdırıb.

UNEC-in "Humanitar fənlər" kafedrasının müdiri, professor Vəkil Həsənov mart soyqırımının tarixi kökləri, xarakteri və miqyası haqqında danışıb, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolunu vurğulayıb.

Tədbirdə 1918-ci ilin Mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub.