İDMAN

Tanınmış azərbaycanlı idmançının sağlamlığı təhlükədədir

Güləşçi: "Həkimlər mənə xəbərdarıq etdilər ki, bel ağrıları ilə zarafat etmək olmaz"
Sputnik

BAKI, 29 mart — Sputnik. Azərbaycanlı güləşçi Rəsul Çunayevdən xəbər var. Sputnik Azərbaycan xəbər verir ki, idmançımız yenidən əməliyyat olunacaq. O, bu barədə sosial şəbəkədə şəxsi hesabında məlumat yayıb:

"Bir il yarım öncə 4-cü əməliyyatdan sonra zarafat üçün demişdim ki, belə getsə əməliyyatlar üzrə çempionatlara qoşulacam, deyəsən doğrudan elə olacaq. Həkimlər mənə xəbərdarıq etdilər ki, bel ağrıları ilə zarafat etmək lazım deyil və hər yarışda ağrıkəsici ilə iştirak etmək olmaz. Nə qədər ki, daha böyük problemlər ortaya çıxmayıb, əməliyyat etmək məsləhətdir. İdman karyerası və sağlamlıq arasında seçim etmək doğrudan da çətindir. Çünki idman mənim həyatımın bir hissəsidir, amma sağlamlıq daha önəmlidir. Təki əməliyyatla düzələn problemlər olsun. Allah bizi betərindən qorusun.

Səbr edib Allah şükür etmək lazımdır, qalan işlər düzələr".