CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük azərbaycanlının babasının dəfnində möcüzə baş verib

Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Qusar rayonu qədim tariximizi əks etdirən abidələrlə zəngin bölgələrimizdən biridir. Burada hər addımda tarixin müxtəlif səhifələrindən müəyyən izlərə rast gəlmək mümkündür.

Rayonun Həzrə kəndində isə Azərbaycanın şanlı tarixinə öz damğasını vurmuş Səfəvilər dövlətinə aid qiymətli türbə yerləşir. Sözügedən türbədə Səfəvilər dövlətinin banisi olan Şah İsmayıl Xətainin babası Şeyx Cüneyd dəfn edilib. Şeyx Cüneyd türbəsi bölgə sakinləri tərəfindən uzun illərdir ziyarətgaha çevrilib.

İki sərkərdənin uyuduğu türbə: əhali oranı ziyarət etməyə qorxurdu

Tarixi mənbələrdə ilk dəfə siyasətə meyl edən Səfəvi mürşidi olmuş Şeyx Cüneydin Şirvana hücumları və 1460-cı ildə hazırkı Qusar rayonu ərazisində baş vermiş döyüşdə öldürülməsi, müridləri tərəfindən orada da basdırılması haqqında məlumatlar var. Türbə isə, Səfəvi dövləti Şirvanı özünə tabe etdikdən sonra — 1554-cü ildə tikilib.

Hazırda Qusarda Şeyx Cüneyd türbəsi haqqında müxtəlif rəvayətlər dolaşır. Türbənin nəzarətçisi Məhbubə Kərimova Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində məzarın tikilməsi haqqında maraqlı rəvayət danışıb.

Rəvayətə görə, Şeyx Cüneyd hələ döyüşdən əvvəl müridlərinə, həlak olarsa, nəşinin dəvənin üstünə qoyulmasını və dəvə harada otursa, həmin yerdə də dəfn edilməsini vəsiyyət edir. Döyüşdə öldürülən Səfəvi şeyxinin müridləri vəsiyyətinə əməl edib, Şeyx Cüneydin nəşini dəvəyə qoyurlar. Dəvənin ilk dayanacağı yer isə Həzrə kəndi ərazisində meşəlik olur.

Lakin müridlər şeyxlərini orada dəfn etmək istəməyib aparmaq qərarına gəlirlər. Yola düzələn müridlər növbəti dayandıqları yerdə yatıb qalırlar, ayılanda isə dəvəni düşərgədə görmürlər. Dəvəni axtarıb Həzrə kəndinin ərazisində tapırlar. Yenidən dəvəni özləri ilə aparırlar. Ancaq bu hadisə dəfələrlə təkrarlanır və əsgərlər başa düşürlər ki, bu ərazinin bir sirri var. Bundan sonra Şeyx Cüneyd vəsiyyətinə uyğun olaraq dəfn edilir.

Şeyx Cüneyd türbəsi XVI əsrdə tikilmiş olsa da, sonradan bir sıra dəyişikliklərə məruz qalıb. Sonralar ona bitişik məscid tikilməsi və damının dəyişdirilməsi nəticəsində türbə əvvəlki görkəmini itirib. Türbənin içərisi isə tikildiyi vaxtdakı kimi qorunduğu üçün daha maraqlıdır. Burada hər şeydən əvvəl günbəzə keçid təşkil edən stalaktitlərin məharətlə həlli diqqəti cəlb edir. Türbənin daxili divarları 2 metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür.

Bu tarixi abidə həm mədrəsə, həm məscid, həm də ziyarətgah hesab olunur. Türbənin ikinci mərtəbəsi mədrəsə olub. Türkiyədən gələn iki din alimi uzun müddət türbədə kənd camaatına dini təhsil veriblər və öz vəsiətlərinə uyğun olaraq orada da dəfn olunublar. Hazırda onların qəbirləri türbənin həyətində yerləşir.

Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis tərtibatla işlənmiş şəbəkəli çərçivə içərisinə alınıb, üzərində mənbər qoyulub. Bura türbə olmaqla yanaşı, insanların inam yeri, ümid ocağıdır.

M.Kərimovanın sözlərinə görə, türbənin yerləşdiyi Həzrə kəndi ilə yanaşı yaxın kəndlərin əhalisi də bu türbəyə ziyarət etməyə gəlirlər. Evlənmək istəyən, övladı olmayan, əsgər gedən, bir sözlə, kimin nə arzusu varsa, bura niyyət edir və niyyətlərinin çin olduğunu söyləyirlər.

Yay aylarında bura daha çox turistlərin gəldiyini bildirən nəzarətçi türbəyə daha çox turist cəlb etməyin mümkünlüyünü də vurğulayıb.

Təəssüflər olsun ki, belə bir tarixi abidə hazırda qəzalı vəziyyətdədir. Ciddi təmirə ehtiyacı olan türbənin içərisi dağılıb tökülür. Məhbubə xanım bildirib ki, ərazi çox nəmişlik olduğuna görə, bir qədər gün düşən kimi kərpiclər çatlamağa başlayır. Əgər belə davam edərsə, tezliklə türbə yararsız hala düşəcək.

Məhbubə xanım bir neçə dəfə Mədəniyyət və Turizm Nazirliyinə bu barədə müraciət etdiyini desə də, hələ ki türbənin təmirinin nəzərdə tutulmadığı cavabını aldığını söyləyib.

1 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
2 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
3 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
4 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
5 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
6 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
7 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
8 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
9 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
10 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
11 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
12 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
13 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi
14 / 14
Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsi