CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur istirahət mərkəzində mövsüm bağlı elan olundu

Sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət edib
Sputnik

BAKI, 28 mart — Sputnik. "Şahdağ" Turizm Mərkəzi bu gündən etibarən 2017-2018-ci il qış mövsümünü bağlı elan edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət edib. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil etmiş, onların arasında isə ən çox BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.

Mövsüm ərzində "Şahdağ" adını regional və beynəlxalq brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülmüş, mərkəz Ukrayna, Türkiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunub. 

Bu tapıntı Azərbaycana xeyli turist cəlb edəcək

Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq, "Şahdağ" Turizm Mərkəzi hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində "Lyuks Dağ Kurortu" və "Lyuks Dağ Hoteli" nominasiyaları üzrə beynəlxalq "2017 World Luxury Hotel Awards" mükafatına layiq görülüb.

2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunub, uşaqlar üçün yeni əyləncələr yaradılıb. Bu mövsüm də hər il olduğu kimi, ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilmiş, qonaqların 30%-ni xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları təşkil edilib.

Xizəkçilik mövsümü başa çatsa da, hazırda turizm mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib. Yay mövsümünün açılışınadək isə mərkəzdə 5 ulduzlu "Şahdağ Hotel və Spa" hoteli fəaliyyət göstərəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.