BAKI, 28 mart — Sputnik. Atıcı silah növlərinin görkəmli ixtiraçısı, "Kalaşnikov" avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə M.T.Kalaşnikov adına İjevsk dövlət texniki universitetinin mətbuat xidməti məlumat yayıb.
Viktor Kalaşnikov martın 27-də, 75 yaşında vəfat edib.
"Kalaşnikov" konserni konstruktorun öldüyü barədə faktı təsdiqləyib və bildirib ki, onunla vida mərasimi martın 30-da İjevskdə keçiriləcək.
Viktor Kalaşnikov 16 iyul 1942-ci ildə anadan olub. 1966-cı ildə İjevsk Mexaniki İnstitutunu bitirib. Bundan sonra İjevsk maşınqayırma zavodunun yeni məmulatların təkmilləşdirilməsi bürosunun baş konstruktoru işləyib.
O, Kalaşnikov avtomatının daha da təkmilləşdirilməsi üçün çoxsaylı tədqiqatlar aparıb və onun üçün bir neçə detal hazırlayıb. O, özünü yükləyən ovçuluq karabini və kombinə edilmiş gücə malik Kalaşnikov pulemyotunun təkmilləşdirilməsində iştirak edib, "Medved-3" karabini üçün baraban kilidi yaradıb.
Onun rəhbərliyi altında, "Abakan" üzərində iş çərçivəsində, "Bizon-2" və "Vityaz-SN" tapança-pulemyotu yaradılıb.
Viktor Kalaşnikov Rusiyanın əməkdar konstruktoru, fəxri silah ustası və silah sənayesinin fəxri işçisi adlarına layiq görülüb. "Şərəf nişanı" ordeni, "Moskvanın 850 illiyi "medalı və digər mükafatlarla təltif edilib.
Oğul Kalaşnikov texnika elmləri namizədi, Udmurtiyanın Mühəndislik Akademiyasının müxbir üzvü idi.