SƏHİYYƏ

"Dövlət bu cür strateji sahəni şirkətlərin öhdəsinə buraxmamalıdır"

Azərbaycanda həkimlər dərmanların keyfiyyətindən narazıdır
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Azərbaycanda apteklərdə bəzi dərmanların tapılmadığına dair tez-tez xəbərlər yayılır. Həmçinin, satışda olan dərmanların keyfiyyəti də ürəkaçan deyil. Çünki dərmanların, demək olar ki, əksəriyyəti müalicə zamanı xəstələrə heç də effektli təsir etmir.

Türkiyədə elmi inqilab: Qanaxmanı dayandıran dərman tapıldı

Bunu həm müxtəlif xəstəliklərdən müalicə alan xəstələr, həm də həkimlər təsdiq edir. Hətta bir müddət öncə həkim Vasif İsmayıl sosial şəbəkələrdə dərmanların keyfiyyətsizliyi haqqında fikirlərini paylaşıb.

"Son 2 ildə ağırlaşmış sidik infeksiyası olan xəstənin birini də müalicə edə bilməmişəm. Bunun haqqında daha əvvəl də yazmışdım. Əvvəl də dediyim kimi, o qədər də fərsiz həkim deyiləm. Amma alınmır. İcra strukturları mütləq Azərbaycana gələn dərmanların keyfiyyət yüksəkliyi üçün müvafiq tədbirləri görməlidir. Günah şirkətlərdə deyil. Sadəcə dərman qiymətlərinin tənzimləməsi qərarı bu vəziyyəti yaratdı" — həkim yazıb.

"Yaxşı antibiotik daha baha qiymətə olur. Ucuz antibiotik, adı nə olursa-olsun, təəssüf ki, bir işə yaramır. Bir daha təkrar edirəm, Azərbaycanda dərman bazarında ciddi problem olduğunu düşünürəm", — deyə V.İsmayılov vurğulayıb.

Bakıda aptek sahibi məhkəmə zalında həbs edilib

Tibb elmləri doktoru, professor Adil Qeybulla da Sputnik Azərbaycan-a açıqlamasında dərmanların keyfiyyətindən narazı olduğunu bildirib: "Avropa istehsalı olan dərmanlar nisbətən bahadır. Çünki orada dərmanlar daha yüksək texnologiyalar ilə hazırlanır. Eyni zamanda Avropada işçi qüvvəsi baha olduğu üçün dərmanlar baha qiymətə satılır. Amma ölkəmizə üçüncü dünya ölkələrində istehsal edilən dərmanlar da gətirilir. Bunlara da pis dərmanlar demək olmaz. Onlarda işçi qüvvəsi ucuz olduğu üçün orada dərmanlar daha ucuz başa gəlir".

Professorun sözlərinə görə, Azərbaycanda satılan elə dərmanlar var ki, heç istehsal edildiyi ölkə də o dərmanı tanımır: "Ola bilsin, bu dərmanlarda əsas təsiredici maddə azdır. Bu zaman sual yaranır: Azərbaycanda istifadə edilən dərmanların adı Ümumdünya Səhiyyə Təşkilatının reyestrində varmı?"

Adil Qeybulla deyib ki, bu iş tamamilə kökündən dəyişməlidir: "Dərmanları ayrı-ayrı firmaların ixtiyarına buraxmaq olmaz. Həmin dərmanların siyahısı tutulmalıdır və hamıya açıq olmalıdır. Dərmanları istehsal edən firma ilə Azərbaycan dövləti arasında müqavilə olmalıdır. Ondan sonra hansısa firmalar dərmanları gətirməlidir. Bir sözlə, dərman bazarı çox ciddi məsələdir".

Həkimin nə günahı var?

"Dərman təhlükəsizliyi konsepsiyası da milli təhlükəsizlik konsepsiyasının bir hissəsi olmalıdır. Bu cür yanaşmalar təbii ki, dərman bazarının qaydaya düşməsinə səbəb olar", – deyə professor vurğulayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı Səhiyyə Nazirliyinin (SN) mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ölkəmizə rəsmi şəkildə gətirilən dərmanlar SN-in laboratoriyalarında yoxlanılır: "Keyfiyyətinə əmin olduğumuz dərmanlara holoqram vurulur, daha sonra satışa buraxılır".