İQTİSADİYYAT

Rəhbərlik dəyişdi, müddət uzadıldı, güzəşt olundu — Vəziyyət düzələcəkmi?

Professor: "Vergilər ilə bağlı əsas problemlər vergi siyasətinin formalaşmasında mövcud olan nöqsanlar ilə bağlıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. "Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək". "Report" xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

İqtisadçı-ekspert vergi sistemində gözlənilən islahatlardan danışır

"Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna qədər vaxt verilir. 2019-cu il yanvarın 1-dən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək" — o qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, vergi sistemində, ümumiyyətlə, fiskal siyasət sistemində şəffaflığın təmin olunması aidiyyəti dövlət orqanlarına, ilk növbədə Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinə aid olan məsələlərdir. Vergilər ilə bağlı məsələlər Vergilər Nazirliyinin vəzifə borcudur.

Professor düşünür ki, vergi ödəyicilərinə şəffaflığın təmin olunması ilə bağlı ilin sonuna qədər vaxt verilməsi bir qədər təəccüblü yanaşmadır: "Vergi hesabatlarındakı, vergi sistemindəki şəffaflığın təmin olunması məsələləri vergi orqanlarının vəzifə borcudur və bu barədə əlavə şərhə ehtiyac olmamalıydı. Görünür, bu şərh onunla izah olunur ki, Vergilər Nazirliyi sistemində ciddi problemlər mövcud olub. Nəticədə nazirliyin mexanizmi kifayət qədər işlənilib və praktiki effektini verməyib".

Yeni vergi layihəsi təsdiqləndi

Elşad Məmmədovun sözlərinə görə, əslində bunun işarələri həm də ölkənin makroiqtisadi göstəricilərinin struktur təhlilində də özünü göstərir: "Biz şahid olduq ki, uzun illər ərzində büdcənin formalaşmasında, yəni qeyri-neft sektorun inkişafı, göstəriciləri kifayət qədər aşağı idi. Düşünürəm ki, Vergilər Nazirliyinin yeni rəhbərliyi bu istiqamətdə müəyyən addımlar atmalıdır".

İqtisadçının fikrincə, vergilər ilə bağlı əsas problemlər vergi siyasətinin formalaşmasında mövcud olan nöqsanlarla bağlıdır: "Sözsüz ki, orada subyektiv amillər də var. Amma düşünürəm ki, başlıca problem vergi siyasətinin formalaşmasındakı nöqsanlar ilə bağlı olub. Bu, ilk növbədə ölkədə proqressiv vergi sisteminə keçidlə bağlıdır. Çünki uzun müddət ərzində bu barədə müəyyən diskussiyalar olsa da, yenə də buna keçid təəssüf ki, Azərbaycanda baş verməyib".

"Digər tərəfdən, vergi yükünün bölünməsi məsələsi var. Yəni, inkişaf edən iqtisadi sistemlərdə vergi yükü daha çox hüquqi şəxslər yox, fiziki şəxslər üzərində qurulur. Təxmini optimal nisbət burada 65-70 faizin 30-35 faizə qədər olmasından ibarətdir. Əsas yük fiziki şəxslərin üzərinə düşməlidir ki, real sektor, iqtisadi fəallıq inkişaf etdirilsin. Təəssüf ki, bizdə rəqəmlər, yumşaq desək, bir qədər başqadır. Ona görə də biz onun şahidi olduq ki, vergi yükü bir çox iqtisadi fəallıq subyektləri üçün çox ağır olub" — o əlavə edib.

Vergi ödəyicilərinə şad xəbər

Ekspertin sözlərinə görə, bu məsələlərə konseptual yanaşma lazımdır ki, vergi siyasətinin özü ciddi şəkildə islah olunsun: "Bundan başqa, biz vergiləri ancaq elə büdcənin mədaxil hissəsinin doldurulması mənbəyi kimi qəbul etməməliyik. İlk növbədə vergi siyasəti ölkədə iqtisadi artımın və digər makroiqtisadi göstəricilərin artırılmasına, yüksəldilməsinə xidmət edən bir siyasət olmalıdır. Bu baxımdan, hesab edirəm ki, bu məsələlər strateji məna daşıyır".

Professorun fikrincə, digər tərəfdən, vergi hesabatlarında şəffaflığın təmin olunması bilavasitə Vergilər Nazirliyinin və digər aidiyyəti qurumların vəzifə borcudur: "Bütün vergiyə cəlb olunan iqtisadi subyektlərin tam qanuni şəkildə fəaliyyət göstərməsinin təmin olunması üçün Vergilər Nazirliyinin əlində lazım olan hüquqi normativ və qanunvericlik bazası var".

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, vergi ödəyicilərinə işlərinin qaydasına salınması üçün vaxt verilməsi yaxşıdır: "Bu, sahibkarlara bir mənada güzəşt kimi düşünülə bilər. Sahibkarların şəffaf sistemə keçmələri üçün çətinlik çəkdikləri müşahidə olunur. Bunu üçün müəyyən vaxtın verilməsi yaxşı olar. Şirkətlər isə bu vaxtı sui-istifadə müddəti kimi başa düşməməli və bir an əvvəl qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidir. Bu, həm dövlətin, həm də sahibkarların xeyrinə ola bilər".

Bu dəyişiklik bütün vergi ödəyənlərə təsir edəcək

Qeyd edək ki, vergilər nazirinin müşaviri Xaqani Abdullayev yeni dönəmdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri nəzərə çatdırıb: "Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır".

X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini söyləyib: "Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq".