CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşum gecənin şahidi: "Mühasirədən xilas olmağımız möcüzə idi"

Vüqar Mirzəyev: "Bizim dilimizi bilən ermənilər hər hansı bir adı səsləyərək özlərinə tərəf çağırır və onları əsir götürürdülər..."
Sputnik

Leyla Abdullyeva – Sputnik Azərbaycan.

BAKI, 23 mart — Sputnik. Qarabağ müharibəsindən illər keçsə də, onun fəsadlarını bu gün də hiss edirik. Minlərlə soydaşımızın vətən həsrəti hələ də davam edir. Onlarla həmvətənimizin bu dünyadan vətən həsrəti ilə köçməsinə baxmayaraq, hər bir azərbaycanlı işğal altında olan torpaqlarımızı tezliklə düşməndən xilas edəcəyimizə inanır. Və həmin günü səbirsizliklə gözləyir.

Qarabağ müharibəsinin iştirakçısı olmuş Vüqar Mirzəyev həmin dövrlə bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşür: "Mən — Mirzəyev Vüqar Loğman oğlu, 1973-cü ildə Şabran rayonunda anadan olmuşam. 1992-ci ilin aprel ayında həqiqi hərbi xidmətə getdim. Hərbi xidmətə ilk olaraq Ağdam rayonunda başladım. Müharibənin qızğın vaxtları idi. Müharibə görməyən birinin od-alov içərisinə getməyini sözlə ifadə etmək mümkün deyil".

Qarabağ döyüşçüsü məktəblilərə gerçək hərbi həyatdan danışdı

"Ağdamda olarkən komandirim dedi ki, səhər döyüşə gedirik. İlk dəfə tankla döyüşə gedəcəkdim. Bunu öyrənən həmyerlim "Sən getmə, nə isə olacağını hiss edirəm", — deyərək özünün gedəcəyini bildirdi və mənim getməyimə imkan vermədi. Səhəri gün döyüşə gedən həmin həmyerlim qeyri-bərabər döyüşdə ağır yaralandı. Çox güman ki, o zaman mən getsəydim, adım şəhidlər sırasında olardı, çünki o, təcrübəsi sayəsində sağ qala bildi, mənim isə təcrübəm yox idi", — deyə danışır Qarabağ qazisi.

1994-cü ildə Kəlbəcər döyüşlərinə göndərilən V.Mirzəyev onu nələr gözlədiyindən xəbərsiz olub. Deyir ki, həmin əraziləri minalardan təmizləmək komandası alıbmış. Oradan çıxmağın isə ancaq bir yolu olub: "1994-cü ilin fevral ayında mühasirəyə düşdük. Mühasirədən xilas olmağımız bir möcüzə idi. Çünki biz çökəkdə, düşmən isə dağların zirvəsində idi. Bir neçə saatlıq hər tərəfin dumana bürünməsi nəticəsində mühasirədən azad olduq. Lakin hər şey elə bundan sonra başladı".

Həmsöhbətimiz bir anlığa o anları pis yuxu kimi xatırlayır: "Həmin yol çox ensiz, bir tərəfi qayalıq, bir tərəfi isə uçurum idi. Oradan ancaq bir-birimizin ardınca gedə bilirdik. O yolda kimisi soyuğa, kimisi isə aclığa tap gətirməyərək şəhid oldu. Elə bir vəziyyət yaranmışdı ki, qardaş-qardaşına kömək edə biləcək halda deyildi. Qardaşının, əmioğlusunun və ya yaxın qohumlarının cəsədlərini orada qoyub gələnlər var idi. İstəsələr də, kömək edə bilmirdilər".

"Təxminən 10 gün gecə-gündüz yol getdik. O günlər ərzində biz yalnız qar ilə qidalandıq. Orda düşmən hiyləsinin qurbanları da az olmadı. Belə ki, bizim dilimizi bilən ermənilər hər hansı bir adı səsləyərək özlərinə tərəf çağırır və onları əsir götürürdülər. Artıq hər kəs özünü fikirləşir, həyatını qurtarmaq haqqında düşünürdü. Axırıncı günü necə yol getdiyimi xatırlamırdım. Yadımda qalan o idi ki, iki günü tək getdim və Gəncəyə çatanda artıq yıxılaraq özümdən getmişdim", — çətinliklə də olsa danışır müsahibimiz.

O, özünə gələndə nə baş verdiyini və harada olduğunu anlamır. Özünə gələndə 1, 2 və 3-cü ayaq barmaqlarının kəsildiyini görür. Çünki şaxta dondurmuşdu və qanqren verə bilərdi. Həmçinin qurd düşdüyündən onun əl barmağını da kəsiblər. Orada tək o yox, çoxları şaxtanın qurbanı olub. Vüqar o ağrılı günlərin heç zaman unudulmayacağını bildirir.

Həmsöhbətimiz bu gün müharibə veteranları üçün yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir: "Cənab prezidentimiz tərəfindən bizlərə hərtərəfli şərait yaradılıb. Ev, maşın verilib, hər ay aylıq məvacibimizi alırıq və ailəmizin məişət qayğılarımızı həll edə bilirik".

V.Mirzəyev, həmçinin bəzi məmurların onlara biganə münasibətlərini də vurğulayıb gileylənir: "24 il keçməsinə baxmayaraq, hələ də sığorta ödənişlərini ala bilmirəm. Bununla bağlı 2013-cü ildə Maliyyə Nazirliyinə ərizə ilə müraciət etdim. Lakin cavab məktubunda iddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, ödənişin qeyri-mümkünlüyünü bildirdilər. Bəs, mən yaralı olduğum bir dövrdə necə müraciət edə bilərdim?! Əgər mən müraciət etmədimsə, bəs siz niyə məni xəbərdar etmirdiniz və ya gətirib ödənişi etmədiniz?!"

Buna baxmayaraq Vüqar nikbindir, tezliklə bu problemin də qısa zamanda həll olunacağına inanır.