BAKI, 22 mart — Sputnik. Son 3 həftədə dördüncü qar fırtınasının yaşandığı ABŞ-ın şimal-şərq bölgəsində 70 milyon insanın əziyyət çəkdiyi bildirilib. Fırtına səbəbindən 4 mindən çox təyyarə reysi ləğv edilib.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, dünən gecə Filadelfiya və Vaşinqtonda başlayan intensiv qar və fırtına səhər saatlarında Nyu-Yorka çatıb. Paytaxt Vaşinqtonda bu gün federal hökumət və dövlət qurumlarının qapalı olduğu bildirilib və hər üç şəhərdə məktəblər tətil edilib.
Qar fırtınası nəqliyyata mənfi təsir edib. Nyu-Cersi ştatında və Nyu-York şəhərində qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu gün 9 min 800 aviareysdə gecikmə baş verərkən, 4 min 800 reys ləğv edilib.
Qeyd edək ki, ABŞ-ın şimal-şərqində 3-8-13 mart tarixlərində baş verən fırtınalarda 9 mindən çox uçuş ləğv edilmiş, 2 milyon insan işıqsız qalmışdı.