BAKI, 15 mart — Sputnik. Eyni adlı beynəlxalq uşaq sosial layihəsi çərçivəsində Moskvada keçiriləcək "Dostluq üçün futbol" (Football for Friendship) turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyən edilib.
Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu il sözügedən turnir Moskvada keçiriləcək.
Bu mötəbər turnirdə Azərbaycanı qapıçı mövqeyində çıxış edəcək 12 yaşlı Conatan Ferqüsson təmsil edəcək. Ferqüsson 2005-ci ilin avqustunda Bakıda doğulub. O, Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.
Azərbaycandan olan gənc jurnalist kimi Moskvaya Rəna Əliyeva göndəriləcək və o, layihə çərçivəsində baş verənləri işıqlandıracaq.
"Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial layihəsi "Qazprom" İSC-nin himayədarlığı ilə 2013-cü ildən keçirilir və müxtəlif millətlərdən, cinslərdən, fiziki imkanlardan ibarət uşaqları birləşdirir.
"Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial layihəsinin məqsədi uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.
2018-ci ildə proqram 211 ölkə və regionu birləşdirib. Mövsümün final tədbirləri iyunun 8-dən 15-nə qədər Moskvada keçiriləcək.
2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.
Sputnik Azərbaycan "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial layihəsinin informasiya tərəfdaşıdır.