CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə telekanallarına baxmaq dövrü bitdi

Televiziya məkanının rəngləri qarışdı, bulandı və hamısı eyni rəngə boyandı
Sputnik

BAKI, 12 mart — Sputnik. Cəmiyyətlərin ən böyük gözəlliyi müxtəliflikdir, fərqli mədəniyyətlərin, düşüncə tərzlərinin, insanların bir araya gəlib rəngarəng bir sistem yaratmalarıdır. Bu sistemin içərisində, bəlli hüquq sərhədləri çərçivəsində, hər kəsin arzuladığı, zövq aldığı şəkildə yaşaması, düşüncəsini və potensialını ortaya qoyması cəmiyyətin xoşbəxtliyini və orada yaşamın marağını təmin edir.

Telekanallarımızla bağlı arzuolunmaz gedişat

Yeknəsəq cəmiyyətlər isə, birmənalı olaraq cansıxıcı və darıxdırıcıdır. Burada hər şey eyni rəngə bürünür, hər kəs eyni cür düşünür, eyni cür danışır, eyni tezislərdən sitatlar gətirir. Hər tərəfdə analoji proseslər, bənzər insan və düşüncə tərzləri, bir-birini yamsılamalar, təkrarçılıq və sair.

Uzun illərdir özümə televiziyaya baxmamaqla bağlı sanksiya tətbiq edirəm. Amma tam deyil, Türkiyə telekanallarını izləyirdim. Cəmiyyətin güzgüsü olan teleməkanda bir canlılıq vardı. Qızğın fikir mübadilələri, əks yanaşmaların toqquşması və bundan doğan intellektual nəticələr… Saqqız kimi ekrana yapışıb qalırdıq.

Eləcə də, bədii filmləri, serialları. İstər sevgi-məhəbbət, istər kriminal aləm, istərsə də siyasi prosesləri əks etdirən bu ekran əsərlərini elə ustalıqla təqdim edirdilər ki, hansısa bölüm bitdiyində, qarşıdakı bir həftənin intizarı canımızdan çıxmırdı. Rəngarəng ssenarili filmləri izlədikcə, virtual da olsa, bir dünyadan başqasına keçid edir, öz duyğularımızı yeniləyirdik.

Və gün gəldi, qardaş ölkənin televiziya məkanının rəngləri qarışmağa, bulanmağa, ardınca isə eyni rəngə boyanmağa başladı. Çoxtərəfli debatlar öz yerini hər kəsin dəfin eyni tərəfinə döşədəyi, eyni hədəflərə güllə atıb, eyni sağlıqlara badə qaldırdığı yığıncaqlara verdi.

Habelə, ailə-məişət mövzulu serialların qəhrəmanları belə, "Vatan mücadiləsi" aparmağa, dəli kimi sevdiyi qıza eşq elan etmək əvəzinə, "xarici qara qüvvələrin bəd əməlləri barədə" leksiya oxumağa başladı. Ard-arda ekranlaşdırılan bütün tarixi serialların əsas obrazları mütləq şəkildə eyni jarqonu, eyni nitq üslubunu təqlid etməyə və eyni şüarları hayqırmağa təhkim edildi.

Türk seriallarına qadağa qoyuldu

Məsələn, təsəvvür edin ki, gənc aşiq-məşuq dəniz kənarında görüş təyin edir və aralarında təxminən bu mövzuda söhbət gedir: "Biz bu milləti kimsəyə yedirməriiik. Şəhidər ölməəəz, vətən bölünməəəz. Bizim davamız haqq davasıdır, sonuna qədər yolumuzdan dönmək yoxdur".

Ya da hansısa Osmanlı sultanı qəbul etdiyi əcnəbi səfirlə diplomatik nəzakət qaydasında davranmaq əvəzinə, əlindəki əsanı yerə çırparaq, "eeey soysuz, eeey kalleş, eeey şərəfsiz" deyə təhqir edir və az qalır təpiyin altına salıb döysün. Özü çırpmasa da, bəzi hallarda yavəri qapının ardında bir-iki ilişdirir həmin diplomatik toxunulmazlığı olan şəxsə.

Vətənimi də sevirəm, millətimi də. Amma bu cür boğazdan yuxarı, əndazəni aşmış şəkildə, bütün digər dəyərləri görməzdən gələrək deyil. Vətəni vətən, Milləti millət edən İNSANı bu qədər şablonlaşdıraraq deyil. Mən Vətənimi və Millətimi daha böyük sevirəm.

Və bir də zamanın nə qədər dəyərli olduğunu bilirəm. Zaman o qədər qiymətlidir ki, onu hay-həşiri seyr etməyə xərcləməyi qəbul edə bilmərəm. Ona görə də bu gündən etibarən özümə Türkiyə telekanallarını izləməyi də qadağan edirəm!

Qalanlara iyi seyirlər…