Humanitar faciə davam edir: İki gündə yüzdən çox adam ölüb

Yaraqlılar Şərqi Qutanın cənub çıxışından Mlexa yaşayış məntəqəsinə köç edən 300 ailəyə atəş açıb
Sputnik

BAKI, 9 mart — Sputnik. Suriyanın hərbi jurnalisti Həsən Badran Şərqi Qutada öz peşə borcunu yerinə yetirərkən həlak olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Suriyanın milli xəbər agentliyi SANA məlumat yayıb.
Agentlik hərbi müxbirin hansı şəraitdə həlak olduğu barədə detalları açıqlamayıb.

Xatırladaq ki, martın 8-də yaraqlılar Şərqi Qutanın cənub çıxışından Mlexa yaşayış məntəqəsinə köç edən 300 ailəyə atəş açıb.

Daha sonra yaraqlılar məcburi köçkünlərin pənah apardıqları qohumlarının yaşadığı məntəqəni də minaatanlardan atəşə tutublar. Bu zaman hadisə yerində onlarla xarici jurnalist olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alanlar olmayıb.

Suriyada yaşanan olaylar dünyada şok effekti yaradıb

Ümumiyyətlə, Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərində son iki gündə 100-dən çox insan həlak olub.

Bu barədə məlumatı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik yayıb.

O qeyd edib ki, Şərqi Qutada toqquşmalar davam edir və son 2 gündə bu toqquşmalar nəticəsində 100-dən çox insanın həlak olduğu bildirilir.

"BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi, atəşkəs rejiminin tətbiq edilməsini tələb edən 2401 saylı qətnaməsinin qəbulundan sonra quru döyüşləri və hava zərbələri zamanı yüzlərlə insanın həlak olması, minlərlə yaralının olması barədə məlumatlar daxil olur" — deyə Dyujarrik bildirib.

Onun sözlərinə görə, ərazidə təhlükəli vəziyyət olduğundan BMT-nin humanitar agentlikləri Şərqi Qutanın Duma yaşayış məntəqəsinə humanitar yüklərlə dolu avtomobilləri göndərə bilməyiblər.