BAKI, 7 mart — Sputnik. UEFA Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, 1/8 finalın ilk cavab qarşılaşmalarında "PSG" ilə "Real" və "Liverpul"la "Porto" rastlaşıblar.
Öz meydançasında "Real"ı qəbul edən "PSG" növbəti mərhələyə adlamaq üçün azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin oyun parislilərin istədiyi kimi keçməyib. Hesabı 51-ci dəqiqədə Kriştianu Ronaldu açıb. Kavano 71-ci dəqiqədə cavab topu vursa da, 80-ci dəqiqədə Kazemiro yenidən ispaniyalıları irəli çıxarıb. Bu hesab oyunun sonunadək dəyişməyib — 1:2.
Bu cütlükdən növbəti mərhələyə "Real" vəsiqə əldə edib. Madridlilər ilk görüşdə də qalib gəlmişdilər — 3:1.
Digər görüşdə İngiltərədə "Liverpul"la "Porto" qarşı-qarşıya gəliblər. İlk görüşdə böyük hesabla (5:0) qalib gəlmiş İngiltərə klubu ikinci oyunda özünü əziyyətə salmayıb. Görüş qolsuz bərabərliklə qurtarıb — 0:0.
Beləliklə, "Liverpul" növbəti mərhələyə vəsiqə qazanıb.