BAKI, 6 mart — Sputnik. Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına cəmi 100 gün qalıb. Mundialı izləmək üçün dünyanın dörd bir tərəfindən otellər artıq rezerv olunmağa başlayıb. Hətta əldə etdiyimiz məlumata görə, bir neçə oteldə artıq sifariş üçün yer qalmayıb.
Sputnik Azərbaycan futbol bayramına 100 gün qalmış, ölkəmizdə bu sektorla əlaqəsi olan, futbolu sevən tanınmışlardan həftəlik müsahibələri təqdim edəcək. İlk müsahibimiz sabiq FİFA referisi, tanınmış hakim Tahir Süleymanovdur.
- Builki dünya çempionatında hansı ölkənin qalib gələcəyini düşünürsünüz? Ürəyinizdən hansı ölkə keçir?
— Dünya çempionatlarında ənənəvi favorit ölkələr var. Bunlar Cənubi Amerikadan Argentina, Braziliya, Avropadan Almaniya, Fransa, İspaniya və digər ölkələrdir. Dünya kubokunun taleyi hər zaman bu ölkələr arasında həll olur. 70-80 il bundan öncəni nəzərə alsaq, Uruqvay da çempion olub. Amma indi bu ölkənin favorit göstərilməsi real deyil. Təəssüflər olsun ki, çempionluğa real namizəd ola biləcək bəzi millilər Rusiyadakı mundiala vəsiqə qazana bilmədilər. Bu da əlbəttə, yarışlara marağı nisbətən azalda bilər.
- Azərbaycan mundialda iştirak edə bilmir. Sizcə, azərbaycanlılar daha çox hansı ölkəyə azarkeşlik edər?
— Hər insanın öz futbol zövqü var. Biri alman futbolunu xoşlayır, biri ingilis, digəri ispan və s. Amma çoxluğu götürsək, zənnimcə bizimkilər Rusiyaya azarkeşlik edəcəklər. Rusiya qonşu ölkədir. Milyonlarla soydaşımız orada yaşayır. Ancaq bir şey var ki, Rusiyanın nəinki qalib olması, finala gəlib çıxması belə sürpriz olar. Rusiya futbolu hələ ki, buna qadir deyil.
- Çempionatın sürpriz komandası kim ola bilər? Son Avropa cempionatının sensasiya komandası İslandiya yenə də sürprizlər edə bilərmi?
— İstənilən millidən sürpriz gözləmək olar. Əhalisinin sayı 300 min olan İslandiyanın dünya çempionatına vəsiqə qazanması özü böyük uğurdur. İslandiya Azərbaycan kimi ölkələrə nümunə olmalıdır. Deməli, bu uğuru qazanmaq olar. Amma İslandiyanın mundialda böyük uğur qazanacağı gözlənilmir. Ən yaxşı halda qrupdan çıxa bilər.
- Rusiya qonşu ölkədir. Oyunları izləməyə gedəcəksiniz?
— Vaxt edə bilsəm, gedəcəm.