HADİSƏ

Azərbaycanda kriminal avtoritetin evi qarət olunub, silah-sursat oğurlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah-sursat aşkar edilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Masallı polisi silah-sursat oğurlayan şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Masallı Rayon Polis Şöbəsindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib ki, 14 yanvar 2018-ci il tarixdə Masallı rayonunun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə öz həmkəndlisi, kriminal aləmdə "Axsaq Ceyhun" adı ilə tanınan Ceyhun Kərimova məxsus yaşayış olamayan evə qanunsuz yolla daxil olub.

Pərviz Səmədov

Pərviz Səmədov "Axsaq Ceyhun"un evindən 1 ədəd "Kalaşnikov" AKSM markalı avtomat, 1 ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası (alışdırıcısı ilə bir yerdə), 1 ədəd siqnal tapançası, 3 ədəd, içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayıb və dayısına məxsus həyətdə olan yarımtikilidə basdıraraq gizlədib.

“Axsaq Ceyhun” ləqəbli Ceyhun Kərimov

Masallı RPŞ-nin əməkdaşları istintaq əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə axtarış aparıblar. Axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 kalibrli güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. P.Səmədov və C.Kərimov saxlanılıb və onlar törətdikləri əməli etiraf ediblər. Hazırda cinayət işi üzrə istintaq aparılır.