Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Kredit problemləri, bank-vətəndaş qarşıdurmaları ilə bağlı zaman-zaman xəbərlər yayılır. Bununla yanaşı, hazırda banklar əvvəlki illərə nisbətən daha az şəxsə kredit verir və kredit şərtləri get-gedə ağırlaşdırılır.
Sputnik Azərbaycan bu məsələ ilə bağlı sosial şəbəkələrdə sorğu keçirib. İstifadəçilərə "Son bir il ərzində banklardan kredit götürmüsünüz? Əgər götürmüsünüzsə, nə qədər məbləğdə və hansı məqsədlə?" sualları ünvanlanıb. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:
İlqar Qəniyev: "Həm özüm, həm yoldaşım qənaətlə yaşamağa çalışırıq. İstədiyimiz hər bir əşya və digər gərəyimiz olan şeyləri büdcəmizə uyğun və zamanla alırıq. Telefon, avtomobil və bu kimi əşyalar üçün heç vaxt kredit götürmərik. Ümumiyyətlə, heç vaxt kredit götürməmişik".
Ramil Əliyev: "Kredit götürmək istəmişəm. Amma iş yerimlə müqavilə əsasında işlədiyim üçün banklar mənə, hətta ən aşağı məbləğdə də krediti vermədi. Halbuki əmək haqqım yüksəkdir. Bank əməkdaşı bildirdi ki, "qanun bunu tələb edir və biz sizə kredit verə bilmərik".
Anar Mahmudov: "Heç vaxt kredit götürməmişəm. Səbəb isə bank faizlərinin yüksək olmasıdır. Adi vətəndaşa sərf etmir".
Fərid Babayev: "Özüm keçmiş bank işçisi olsam da, heç vaxt bankdan kredit götürməmişəm. Səbəblərdən biri banklara inamımın olmamasıdır. Həm də son vaxtlar bir neçə adlı-sanlı bankların bağlanması banklara olan güvənimi azaldıb. Əvvəllər özlərini üstün sayan banklar, indi müştərini cəlb etmək üçün dəridən qabıqdan çıxır. Amma bu, müştəri bankdan kredit götürənə qədərdir. Mümkün qədər çalışın, həqiqətən də ehtiyac varsa, kredit götürün. Əgər bir şeyi almaq istəyirsinizsə, cibinizə görə hərəkət edin. Ya da pul yığaraq almaq istədiyinizi bir az gec alın. Bu problem deyil, məncə. Əsas biləcəksiniz ki, kiməsə borclu deyilsiniz".
Vaqif Hüseynov: "Davamlı olaraq kreditlər götürürəm. Bu, əsasən biznes kreditləridir. İstehlak kreditindən uzun müddətdir istifadə etmirəm. Bəzi hallarda isə müəyyən mağazalardan daxili kreditlər götürürəm. O da yalnız kampaniya dövrlərində".
Tərxan Paşazadə: "Mən nəinki son 1 ildə, heç ömrüm boyu kredit götürməmişəm. Hamıya da məsləhət görürəm ki, kredit götürməsinlər".
Ülviyyə Quliyeva: "Bir də qələt edib bankdan kredit götürmərəm. 7 ildir kredit ödəyirəm, amma məbləğ bitmir. Kreditim 3 min manat idi. Bir də min manatlıq kredit kartım vardı. Keçən il ödəyə bilmədim. Ona kimi hər ay ödəyirdim. Borcum 6 min manatdır indi. Məcbur ödəməliyəm. Əgər özünüzə qəbir qazmaq istəyirsinizsə, gedin kredit götürün".
Aynur Sadıqova: "Mən də kredit götürmüşdüm. 4 il əvvəlki borcu ödəyirdim. Ödə-ödə, bitmirdi. Mən də artıq ödəmirəm".
Günel Emin: "Mən ümumiyyətlə kredit və borc məsələsinə həssas yanaşıram. Nağd pulum varsa, alıram, yoxdursa, almıram. Kredit və borcum bir zamanlar olub, başım yaman ağrıyıb deyə, nə kredit götürürəm, nə borc, nə kiməsə borc verirəm, nə də öz adıma kimin üçünsə kredit götürürəm".