BAKI, 2 mart — Sputnik. Pentaqon (Pentagon) hipersəsli texnologiya üzərində işlədiklərini bəyan edib. Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, bu yeni silahın sınaqlarına 2019-cu ildə başlanılacaq."Biz Rusiya və Çin kimi ölkələrlə rəqabət apardığımızı bilirik", — deyə Perspektiv Tədqiqat Layihələri İdarəsinin rəhbəri Stiven Uoker bildirib.
Uoker qeyd edib ki, artıq bir neçə ildir onun rəhbərlik etdiyi idarə Hərbi Hava Qüvvələri, NASA, quru qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə birlikdə hipersəsli silahlar üzərində işləyir. Onun fikrincə, hipersəsli silahların yaradılması ilə bağlı məsələ onların qarşısındakı əsas prioritetlərdən biridir. Perspektiv Tədqiqat Layihələri İdarəsi hələ ötən ilin payızında bu sahəyə ayrılan büdcə vəsaitlərini artırmağı xahiş edib.
Ötən gün Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni rus silahlarını təqdim edib. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.
O, həmçinin atmosferin sıx təbəqələrində qitələrarası uzaqlığa "Maxa"dan 20 dəfə yüksək sürətlə uçmaq qabiliyyətinə malik "Avanqard" sisteminin yaradılmasından danışıb. Amerika hərbçiləri dərhal Putinin çıxışına reaksiya veriblər. ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının rəisi, general Con Hayten bəyan edib ki, ölkə hipersəsli silahlara qarşı orbital əsaslı radar sistemini inkişaf etdirməlidir.
Onun sözlərinə görə, Pentaqon yerüstü aşkarlama sistemlərinin kifayət etmədiyini qəbul edir. Buna görə də, orbital radarın yaradılması üçün sadəcə bir neçə milyard dollar ayırmaq lazımdır.
Xatırladaq ki, hələ 2016-cı ildə "Taktik raket silahlanması" korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov bildirmişdi ki, Rusiya artıq növbəti onilliyin başlanğıcında hipersəsli nüvə silahının sahibi ola bilər. Obnosov qeyd etmişdi ki, bu cür raketlərin yaradılması hava hücumundan müdafiə sistemlərini əhəmiyyətli dərəcədə zəiflədəcək.
Ondan daha əvəvl isə Danimarkaranın "Jyllands-Posten" nəşri Rusiyanın yeni supersilahının güc balansını pozacağını yazmışdı. Nəşr qeyd etmişdi ki, bu silahlar silah sənayesinin son yeniliyidir. Yeni hipersəsli raketlərin sürəti səsin sürətindən 12 dəfə çox olacaq, yəni sürət saatda 15 min kilometr təşkil edəcək. Hipersəsli nüvə raketləri raket əleyhinə bütün müasir müdafiə sistemlərini dağıdacaq. Müdafiə sistemləri raketə reaksiya verə bilməyəcək.
"Hipersəsli raketlər Yer kürəsinin istənilən nöqtəsində istənilən hədəfi çox tez müddətdə vurmağa qadirdir. Raket əleyhinə müdafiə sistemləri müdafiə olunmaq üçün sadəcə vaxt tapmayacaq", — deyə Danimarka Hərbi Akademiyasının hərbi hava əməliyyatları bölməsinin başçısı Karsten Marrup bildirmişdi.
Onun sözlərinə görə, bu raketlər dünyada ən müasir müdafiə sisteminə malik ABŞ üçün də ekstremal çağırış olacaq: "Amerikalıların bugünkü raket əleyhinə müdafiə sistemi qitələrarası ballistik raketlərlə mübarizəyə hesablanıb. Mən əmin deyiləm ki, bu sistem hipersəsli raketə qarşı dura biləcək".
Rusiyanın hipersəsli raketlər sahəsində işlərinə cavab olaraq amerikalılar artıq bir neçə ildir ki, dünyada ilk hipersəsli bombardmançının yaradılması üzərində işləyirlər. Belə təyyarəyə dünyanın hər hansı nöqtəsindəki hədəfi vurmaq üçün 30 dəqiqə lazım olacaq. Hipersəsli texnologiyası olmadan bunun üçün 18 saat lazım idi. Karsten Marrup vurğulayıb ki, silahların inkişafının bu gedişatı əllərində ən müasir texnologiyaları cəmləyən dünya liderlərinin qarşısında yeni tələblər qoyur.
Onun sözlərinə görə, hipersəsli silahı birinci kimin əldə etməsi iki super dövlətin münasibətlərinə də təsir göstərəcək: "Əgər ruslar hipersəsli raketləri hazırlasa, dünyada güc balansında aşkar dəyişiklik olacaq və balans rusların xeyrinə olacaq. Amma ilk olaraq amerikalılar silahlanmaya hipersəsli bombardmançısını qəbul etsələr, o halda balans ABŞ-ın xeyrinə olacaq".