İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 28 fevral — Sputnik. Ötən gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində "Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında" mövzusunda ilk "Novruz mühazirəsi" keçirildi.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edirdi.
Tədbir iştirakçıları arasında, həmçinin ölkəmizin ali məktəblərində təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla, ümumilikdə 30 nəfər əcnəbi tələbə var idi.
Tədbir mərhum prezident Heydər Əliyevin büstünün ziyarət edilməsi və önünə əklil qoyulması ilə başladı. Sonra qonaqlar Şamaxı soyqırımı qurbanların xatirəsinə qoyulmuş abidəni ziyarət etdilər.
Tədbir iştirakçıları 1918-ci ildə Şamaxıda törədilən soyqırım zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə də baş çəkdilər. Səfər iştirakçılarına məlumat verildi ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək, təqribən, 1700-dən artıq günahsız insanı qətlə yetiriblər, məscidi top atəşinə tutaraq yandırıblar. Qeyd olundu ki, soyqırım zamanı ciddi ziyan dəymiş bu tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.
Məscid haqqında məlumat verən tarixçi Anar İsgəndərov 1918-ci ildə Şamaxıda ermənilərin azərbaycanlılara qarşı etdiyi zorakılıqdan danışdı. Bildirdi ki, 1918-ci il martın sonuncu günü Lalayevin başçılıq etdiyi bolşevik dəstəsi Şamaxıya hücuma keçib.
A.İsgəndərov soyqırımın dəhşətlərindən danışdı: "Məscidin axundu Molla Cəfərqulu 80 yaşında idi. Bilirsiniz ki, İslam dinində ən müqəddəs yer məsciddir. Hətta insanın ən böyük cinayəti olanda belə, o, məscidə daxil olubsa, ona dəymək olmaz. Yaşlı, qoca adamlara elə gəlirdi ki, onlar məscidin həyətinə daxil olsalar, onlara dəyməyəcəklər. Ancaq təəssüflər olsun ki, 100 illər boyu Şamaxıda Azərbaycanın çörəyini yeyən ermənilər bu xalqa rəhm etmədilər”.
“Daşnak Lalayevin əmri ilə erməni gəncləri məscidin içinə daxil olurlar. Ən dəhşətlisi isə odur ki, erməni gənclər mollanın saqqalını, dişlərini və gözünü çıxarmaq üstündə mübahisəyə başlayırlar. Kim daha çox saqqal, diş çıxaracaq, kim daha tez gözünü çıxaracaq – deyə yarışa çıxırlar. Məscidin içindəki bütün insanlar amansızcasına qətlə yetirilir və məscidə od vurularaq yandırılır", — deyə tarixçi bildirdi.
A.İsgəndərov əlavə etdi ki, Şamaxıda mart ayında başlayan soyqırım iyulun 20-ə qədər davam edib. Sonra Qafqaz İslam Ordusunun köməkliyi ilə Azərbaycan soyrıqımdan qurtulub: “Ordu komandirlərindən birinin yazdığına görə, Şamaxı iyulun 20-si azad edilib. Bütün məscidlər yandırılır. Şamaxının Cümə məscidində bu aylar ərzində öldürülən insanların sümüyü əlindən ərazidə girmək mümkün olmur. Şəhid edilən yüzlərlə insanın sümüklərini müsəlman qaydası ilə dəfn edilir".
Şamaxı cümə məscidi haqqında ətraflı danışan tarixçi bildirdi ki, 1920-ci il martın 31-i Şamaxı şəhərində milli matəm günü kimi qeyd olunub, təziyələr verilib.
Daha sonra tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə açan xalq artisti Nurəddin Mehdixanlı 1918-ci ildə azərbaycanlıların başına gətirilən soyqırımdan danışdı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırdı.
Nazir müavini tədbirin keçirilməsinin məqsədinin Azərbaycan Respublikası Prezidentinin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirdi.
Sonra söz Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırım faktlarından danışdı.
Tədbirdə iştirak edən tarix elmləri doktoru, professor Anar İsgəndərov "Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında" mövzusunda mühazirə ilə də çıxış etdi. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan mühazirədə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyi vurğulandı.
Məruzədə qeyd olundu ki, təkcə XX əsrdə xalqımıza qarşı ermənilər tərəfindən törədilən soyqırım, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr, 1991-1993-cü illərdə isə 20 faiz ərazisini itirib, yüz minlərlə insan isə soyqırım nəticəsində öldürülüb.
Ölkənin müxtəlif ali təhsil ocaqlarında təhsil alan əcnəbi tələbələr də tədbirlə bağlı fikirlərini bildirdilər.
Bakı Mühəndislik Universitetində təhsil alan myanmalı Nay Lintu bildirdi ki, iki ildir Azərbaycanda yaşayır. Bu müddət ərzində Azərbaycan dilini müəyyən qədər öyrənə bilib. Bu günə qədər, Azərbaycanın qan yaddaşında silinməz izlər buraxmış faciələr barədə isə ancaq Xocalı soyqırımından xəbərdardır.
Bu tədbirə dəvət edildiyinə görə Təhsil Nazirliyinə təşəkkür edən Nay Lintun bu gün ilk dəfə Şamaxı soyqırımı barədə eşitdiyini dedi: “Həqiqətən dəhşətdir. Görürəm ki, mən Azərbaycanda hələ daha çox faktlar öyrənəcəyəm. Bizim də ölkədə soyqırımlar olub. Azərbaycanla bənzər taleləri yaşadığımızı düşünürəm".
Qərbi Kaspi Universitetinin Özbəkistandan olan tələbəsi Khamro Begzod Nosirov da Azərbaycanı sevdiyini, buna görə Azərbaycan dilini öyrəndiyini dedi. O vurğuladı ki, atası Azərbaycanda tarix elmləri doktoru olduğu üçün Azərbaycan tarixini yaxşı bilir: "Xüsusən, 1990-cı illərdən sonra baş verənlərdən — Xocalıdan, 20 Yanvardan xəbərdaram. Bu gün də Şamaxı soyqırımı haqqında məlumatlandım".
Azərbaycan Pedaqoji Universitetinin Çin Xalq Respublikasından olan tələbələri Jing Van Zhong Vang və Yixuan Zheng Kuan Li də Azərbaycan tarixinin dərinliklərini öyrənməyə çalışdıqlarını bildirdilər. Tələbələr Şamaxı soyqırımı haqqında daha dərin məlumat aldıqlarını dilə gətirdilər.
Qeyd edək ki, növbəti mühazirə martın 6-da Gəncə şəhərində, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin təqdimatında "Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik" mövzusunda keçiriləcək.
Xatırladaq ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz mühazirələri" təşkil edir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələləri ictimaiyyətə çatdırılır.