CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisin səhlənkarlığı Gürcüstanda azərbaycanlının həyatı bahasına başa gəldi

Gürcüstanın Qurcaani rayonunun polisi azərbaycanlının şikayətinə baxmayıb, nəticədə təngə gələn kişi qətl törədib
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Əgər Gürcüstan daxili işlər orqanlarının əməkdaşlığının səhlənkarlığı olmasaydı, fevralın 18-də azərbaycanlının qurban getdiyi qətldən qaçmaq mümkün olardı.

Bunu Sputnik Azərbaycan-a Azərbaycanlıların Milli Konqresinin rəhbəri Əli Məmmədov bildirib.

Qeyd edək ki, Qaraçöp rayonunun Qazlar yaşayış massivinin sakini Ələddin İsmayılov bazar günü Qurcaani rayonunda ov tüfəngi ilə qətlə yetirilib.

Daha bir rayonumuzda amansız qətl

Məmmədovun sözlərinə görə, qətli törətməkdə Ələddin İsmayılovun qohumu — 34 yaşlı Qazlar kənd sakini Xoca Əliyev şübhəli bilinir. İlkin məlumatlara görə, cinayətin hər iki iştirakçısı heyvandarlıqla məşğul olurmuş. Onlar Qurcaani rayonunda qış vaxtı xırda və iribuynuzlu heyvanları saxlamaq üçün ferma icarəyə götürüblər. Elə bu ferma da qohumlar arasına nifaqın düşməsinə səbəb olub.

"Münaqişə o həddə çatıb ki, İsmayılovun ailəsi Əliyevin ailəsini döyüb. Bununla əlaqədar olaraq Əliyev yerli polis şöbəsinə ərizə ilə müraciət ünvanlayıb. Lakin hüquq-mühafizə orqanları bu işlə maraqlanmayıblar. Cəzasız qalacaqlarına əmin olan İsmayılovlar ailəsinin dörd üzvü, eləcə də Ələddin özü yenidən Əliyevlə toqquşublar. Bu dəfə onlar polisə şikayət etdiyinə görə Əliyevə hücum çəkiblər", — deyə Məmmədov bildirib.

Onlar bu dəfə Əliyevə elə-belə hücum etməyiblər, ona qarşı fiziki güc tətbiq ediblər. Nəticədə Əliyev avtomobilindən silahını çıxararaq Ələddin İsmayılovu güllələyib. Cinayətdən dərhal sonra o, qaçmağa üz tutub. İsmayılovlar da onun dalınca atəş açıblar.

Əliyev tezliklə Qazlar kəndində saxlanılıb, silah maddi sübut kimi götürülüb.