BAKI, 17 fevral — Sputnik. İndoneziyanın Tambolaka hava limanı daha öncə rastlanmamış bir olayla gündəmə gəlib. Yerli “Garuda” aviaşirkətinə aid bir təyyarə sərnişinlər tərəfindən itələnirkən görüntülənib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kupang — Tambolaka səfərini həyata keçirən sərnişin təyyarəsini hava limanındaki texniki heyət və təyyarənin bəzi sərnişinləri itələyərək döndərməyə çalışıblar.
Həm yerli, həm də xarici mediada böyük səs-küyə səbəb olan hadisə ilə bağlı aviaşirkətdən açıqlama verilib. Açıqlamada hadisənin pilotun səhvi ucbatından baş verdiyi vurğulanır: “Təyyarənin döndərilməsi üçün hava limanında lazımi avadanlığın olmaması səbəbindən belə bir üsula əl atılıb. Bu nöqsan pilotumuzun təyyarəni səhv tərəfə döndərməsindən qaynaqlanıb”.