RUSİYA

"Azərbaycandan iş təklifi gəlsə, yəqin ki, qəbul etmərəm"

"Məni mən edən və azərbaycanlı kimi uğur qazanıb bütün Rusiyada tanıdan Dağıstan olub"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Azərbaycanlı mütəxəssislərin bir çoxunun xaricdə yaşadığı və yüksək vəzifələrdə işlədiyi heç kimə sirr deyil. Xüsusilə idman sahəsində azərbaycanlılar dünyada böyük uğur qazananlar sırasındadırlar. Hal-hazırda Dağıstanda Boks Federasiyasının birinci vitse-prezidenti də azərbaycanlı olan Dostali Heybətovdur.

Sputnik Azərbaycan-a müsahibə verən birinci vitse-prezident öz uğurlarından danışıb.

— Niyə məhz Dağıstana köçdünüz?

— Mən Heybətov Dostali Şakir oğlu Azərbaycanda, Xızı rayonun Giləzi kəndində doğulmuşam. Azərbaycanlı olmağımla fəxr edirəm. 1987-ci ildə ailəm ilə birlikdə Dağıstana köçmüşük. Atam burada məxfi tunellərin açılması ilə məşğul olub. Dövlət atamın işini dəyərləndirib və buna görə bizə Dağıstanda ev hədiyyə edib. Beləliklə, biz də Dağıstanda məskunlaşdıq. Amma Azərbaycana, ata yurduma tez-tez gəlirəm. 

Azərbaycanlı idmançıya sərt cəza: 4 illik qadağa

— Necə oldu ki, boksla məşğul olmağa başladınız?

— Mən 15 yaşımdan boksla məşğul olmağa başlamışam. Hətta 2004-cü il Afina Olimpiya oyunlarının çempionu olan Haydarbek Haydarbekovla bir zalda məşq etmişəm. Peşəkar boks yarışlarında iştirak etmişəm. Rusiyanın peşəkar idman ustasıyam. Ən böyük uğurum isə azərbaycanlı olaraq Dağıstanda Boks Federasiyasını idarə etməyimdir. Halbuki, mənim postumda işləmək istəyən onlarla insan var. Amma bu posta mən seçilmişəm. Bundan böyük uğur ola bilməz.

— Dağıstanda kifayət qədər azərbaycanlı yaşayır. Həmyerlilərinizin idmanla məşğul olmasına kömək edirsiniz?

— Əlbəttə. Mən idmanla məşğul olub uğur qazanmaq istəyən hər bir istedadlı insana kömək edirəm. Təbii ki, burada yaşayan və idman sahəsində köməyə ehtiyacı olan hər bir həmyerlimə yardım edirəm.

— Azərbaycandan sizə iş təklifi gəlsə, gəlib öz vətəninizdə işləməyə davam edərsiniz?

— Çox güman ki, yox. Niyə gəlmək istəmədiyimi izah edim. Məni mən edən və azərbaycanlı kimi uğur qazanıb bütün Rusiyada tanıdan Dağıstan olub. Ona görə, qazandığım uğurların Dağıstanda olduğu üçün bu addımı atmaq düzgün çıxmaz. Atam məni kişi kimi böyüdüb və mən həmişə ətrafımdakılara minnətdar olmuşam. 

Şuşaya çata bilməyən 44 azərbaycanlı...

— Azərbaycanda boks idman növü ilə məşğul olan qızlar çoxdur. Dağıstanda necə, azərbaycanlı qızlar bu idman növünə üstünlük verir?

— Mən müsəlman qadınının boks ilə məşğul olmasına razı deyiləm. Buradakı azərbaycanlı qızlar da boksla məşğul olmur.

— Azərbaycanda idman federasiyaları beynəlxalq yarışlarda uğur qazanan idmançılara ev, maşın və müəyyən miqdarda qonorar verir. Dağıstanda da idmançılara belə diqqət ayrılır?

— Əlbəttə. Burada da qalib gələn, dövlətin bayrağını ucaldan, zəhmət çəkən idmançıya qonorar, maşın və hətta ev hədiyyə edilir. Onlar zəhmətləri ilə bunu qazanırlar.