BAKI, 16 fevral — Sputnik. Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyan hakim Respublika Partiyası tərəfindən namizədliyinin dövlət başçısı postuna irəli sürülməsi təklifini qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, Armen Sarkisyan namizədliyinin irəli sürülməsina razı olduğu barədə hazırkı dövlət başçısı Serj Sarqsyanla bu gün axşam keçirdiyi görüşdə bəyanat verib.
Serj Sarqsyanın mətbuat xidməti Sarkisyanın bəyanatını yayıb: “Əgər məni prezident seçsələr, xarici siyasət, xarici iqtisadi siyasət, investisiyaların cəlb edilməsi, ən əsası isə milli birliyin möhkəmləndirilməsi sahəsində çalışacağam”.
Qeyd edək ki, Sarkisyanın namizədliyini hakim Respublika Partiyasına başçılıq edən Serj Sarqsyan irəli sürüb.
Armen Sarkisyan artıq müxtəlif siyasi partiyalar, elmi dairələrin nümayəndələri, biznes-mühiti və ziyalılarla görüşlər keçirib.
Ermənistan Konstitusiyasına görə, aprelin 9-da artıq parlament respublikasında yeni prezident olacaq. Yeni prezidentə ancaq təmsilçilik funksiyaları veriləcək.