İDMAN

Ronaldu tarixi rekorda imza atdı

O, 117 qolla turnir tarixinin ən yaxşı bombardiridir
Sputnik

BAKI, 15 fevral — Sputnik. Madridin "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasında bir kulubun heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

“Report” xəbər verir ki, onun ən yaxın izləyicisi olan "Barselona"nın futbolçusu Lionel Messinin hesabında 97 qol var.

Çempionlar Liqasının 1/8 finalında "Real" və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldu dubl edib.

Portuqaliyalı futbolçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun lazım gəlib. O, İngiltərənin "Mançester Yunayted" klubundan "Real"a 2009-cu ilin yayında keçib.

Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldu turnir tarixinin ən yaxşı bombardiridir.

Ronaldu həmçinin 7 mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011/12-ci illər mövsümündə 10 dəfə, 2012/13 –cü illər mövsümündə 11 dəfə, 2013/14 –cü illər mövsümündə 17 dəfə, 2014/15-ci illər mövsümündə 10 dəfə, 2015/16-cı illər mövsümüdə 17 dəfə, 2016/17-ci illər mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.