RUSİYA

Azərbaycandan üzr istəyən rusiyalı musiqiçi Cocuq Mərcanlıda konsert vermək arzusundadır

"Sülh naminə musiqi" layihəsinin üzvü Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Sputnik

BAKI, 14 fevral — Sputnik. Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Dmitri Uvarovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair müraciətinə baxılıb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Rusiyalı bloqerin adı Azərbaycanın "qara siyahı"sından çıxarıldı

Bildirilib ki, Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Məktubunda Dmitri Uvarov 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu bəyan edib.

Dmitri Uvarov həmçinin, "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.