CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət rüsumları azaldılır - Şad xəbər

On beş yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum aşağı salınır
Sputnik

BAKI, 14 fevral — Sputnik. "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir. Sputnik Azərbaycan xəbər verir ki, qanuna dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.

Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik edilir

Qanun 14-cü maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə görə, qanuna 14.3-2-ci maddə əlavə edilib. Əlavəyə görə, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

Mövcud qanuna görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, rüsum 10 gün müddətində verildikdə 5 manat, 3 iş günü müddətində verildikdə 25 manat, 1 iş günü müddətində verildikdə isə 35 manat məbləğindədir.

Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.

Dəyişiklik qəbul olarsa, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.