İDMAN

Dünya çempionu: "ABŞ-ın ayrı qrupda olması bizim üçün xeyirlidir"

Güləşçi: "Komandamız finala çıxacaq və qaliblər sırasında olacaq"
Sputnik

BAKI, 14 fevral — Sputnik. 7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Sputnik Azərbaycan dünya çempionu Hacı Əliyevdən püşkatma ilə bağlı açıqlama alıb. O, qrupdan xəbəri olduğunu bildirib: "Hər iki qrup güclüdür. Eyni səviyyədədir. Sadəcə ABŞ-ın digər qrupa düşməsi bizim üçün yaxşıdır. Çünki ev yiyəsi olacaq. Bu da həm hakimlərin, həm də azarkeşlərin onların tərəfində olmasına səbəb olacaq. ABŞ komandası ilə finalda görüşməyimiz yaxşı olar".

"Biz də var qüvvəmiz ilə məşq edirik. Düşünürəm ki, komandamız finala çıxacaq və qaliblər sırasında olacaq", – deyə güləşçi əlavə edib.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə — 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.