CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda gerçək "Şeyx Sənan" ssenarisi: Gürcünün qızını sevdi, donuzlarına baxdı və...

"Şeyx Sənandan fərqli olaraq, mən sevdiyimə bu dünyada qovuşdum və heç vaxt peşman olmadım"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Bəşəriyyət onun üzərində qurulub. Mərhum şair Cabir Novruz demişkən: "O, bu boyda bir cahanı yaradıb, Yeri göyü asimanı yaradıb. İnsan onu, o, insanı yaradıb. Bu həyatın əlifbası məhəbbət…"

Əsrlərdən bəri yaradıcı insanların ilham mənbəyi olub məhəbbət. Son zamanlar formalaşan "sevgi, məhəbbət yalnız filmlərdə olur", "məhəbbətin ömrü üç gündür" və yaxud "evlilik sevgini öldürür" kimi fikirləri olan gənclərə İsa və Varseni İsayevlərin məhəbbəti əsl örnək ola bilər.

İsa İsayev Dağıstanda doğulub. Əslən ləzgi olan İsa kişi müharibə vaxtı Qax rayonuna gəlib. Müharibə vaxtı, özünün dediyi kimi, bir qarın çörəyə işləyib. Gürcülərin donuzlarına baxıb.

"Balaca uşaq idim. Nə atam var idi, nə də anam. Heç kimim yox idi. Sonra kolxozda işlədim. Mal-qara saxladım. Torpaqları kol-kosdan təmizləyib, balaca bir koma tikdim", – Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan İsa İsayev deyir.

İsa və Varseni İsayevlər

İsa dayının min bir əziyyətlə tikdiyi həmin ev sevdiyi xanımın qohumları tərəfindən yandırılıb: "Mən Varseniylə evlənmək istəyəndə, 3 dəfə bağımı yandırdılar. Ot tayalarımı yandırdılar. Amma mən israr edirdim. Bilirdim ki, qız da məni sevir. Onlar mənim müsəlman olmağımı bəhanə edirdilər".

Söhbətin bu yerində Varseni xanım da bizə qoşulur: "Atam şan-şöhrəti sevirdi. İstəyirdi, məni imkanlı adama ərə versin. Mən də İsanı sevirdim. Bəhanə edirdi ki, o, müsəlmandır".

"İsa bizim donuzlarımıza baxırdı. Biz imkanlı idik. Bir gün İsaya qoşulub qaçdım. Aləm qarışmışdı bir-birinə. Toyumuza bir gün qalmış komamızı yandırdılar. Bir inək, bir küp də çaxırdan savayı heç nəyimiz yox idi. Onunla da toy elədik. Sonra bir koma tikdik, yaşadıq" — V.İsayeva danışır.

İsa bəylə Varseni xanımın sevgi hekayəsi görkəmli dramaturqumuz Hüseyn Cavidin "Şeyx Sənan" əsərini xatırladır: "Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!"

"Bəs siz o hadisələr başınıza gələndə gürcü qızını sevdiyinizə görə peşman oldunuzmu?" sualına İsayev belə cavab verir: "Şeyx Sənandan fərqli olaraq, mən sevdiyimə bu dünyada qovuşdum (gülür — Ş.A.). Heç vaxt peşman olmadım. Əksinə, mübarizə apardım. Çünki bilirdim ki, Varseni məni sevir".

"İndiki gənclər üçün hər şey adiləşib. Ancaq pulu düşünürlər. Bizdə isə fərqli idi. Biz sevgimizi nə dinə, nə də pula dəyişdik" — müsahibimiz əlavə edir.

60 il birlikdə ömür sürən bu cütlüyün 7 övladı var. Ailə başçısı övladlarının seçiminə qarışmadığını diqqətə çatdırır: "Övladlarımın hamısı öz sevdiyi ilə evləndi, bəzisi xristianla, bəzisi müsəlmanla. Övladlarım Amerikada, Portuqaliyada, Rusiyada və Gürcüstanda yaşayırlar. Bəzisi xristiandır, bəzisi müsəlman. Amma adları Azərbaycan adlarıdır. Yoldaşımla mən isə müsəlmanıq. Övladlarımız hər iki dili mükəmməl bilirlər".

Repressiya aparatını "əridən" sevgi

İsa bəy 60 illik sarsılmaz ailə həyatını nəyə borclu olduğunu belə sıralayır: "Ailədə qarşılıqlı hörmət sevgidən də önəmlidir. Gənclər bir-birinə sayğı göstərərlərsə, problem olmaz. İkinci vacib olan büdcənin düzgün idarə olunmasıdır. Büdcə elə idarə olunmalıdır ki, sonradan problemlərlə qarşılaşmasınlar. Kim deyirsə ki, maddiyyat önəmli deyil, səhv eləyir. Təbii ki, pul heç də hər şeyi həll etmir, amma maddi problem olanda, münasibətlərdə problemlər əmələ gəlir. Üçüncüsü isə inamdır və bu, ən vacibidir".

İsa və Varseni İsayevlər öz talelərini sevgi əsasında birləşdiriblər. Amma 60 illik ailə həyatını qarşılıqlı hörmətə, ailənin ehtiyaclarını birlikdə, əl-ələ verərək, tənbəllik etmədən, yorulmadan həll etmək səylərinə və bir-birilərinə olan inama borcludurlar. Onlar öz həyatları ilə sübut ediblər ki, nümunəvi ailə olmaq üçün din, dil, milliyyət o qədər də önəmli rol oynamır…