HADİSƏ

İcra başçısı: "Yaranan vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır"

"Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz tikib"
Sputnik

BAKI, 12 fevral — Sputnik. "Bayılda yaranan vəziyyətə görə buradakı sakinlər də məsuliyyət daşıyır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov qeyd edib ki, bu ərazidə sürüşmə hadisələri çox əvvəllər də olub: "Bizə məlum olan ilk belə hadisələr 1842, 1847, 1874-cü illərdə qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur".

"Bir tarıxçi kimi qeyd etmək istəyirəm ki, hələ 19-cu əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə qalxıb. 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 %-nin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni, 1 gecəyə tikildiyi evlər olduğu müəyyən edilib. Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır", — deyə Əzizov bildirib. 

Sürüşmə zonasında son durum: Rəsmilər vəziyyətin ciddi olduğunu bildirirlər

İcra başçısı qeyd edib ki, Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək hələ tezdir. Lakin mütəxəssislərin ilkin verdikləri rəyə görə, sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır: "Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq bir az təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz, bir gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu binaların layihləndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərinin nəzarəti altında aparılır. Sürüşmə prosesi ətrafında siyasiləşdirilmiş spekulyasiya aparılır və bunun təbii ki, prosesin elmi cəhətdən araşdırılmasına heç bir aidiyyəti yoxdur".

Bayıl yamacında sürüşmə

Əzizovun sözlərinə görə, hadisələrin cərəyan etdiyi ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadır. Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. RİH tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait qurulub:

"Hazırda da RİH nümayəndələri həmin ərazidədirlər və Nazirlər Kabineti tərəfindən burada yaranan vəziyyətlə bağlı çıxarılacaq qərara uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər həyata keçiriləcək".

Xatırladaq ki, son 2 gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb.