İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 39-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
Daha sonra Səfir Cavad Cahangirzadə qonaqları salamlayaraq İranın inqilabdan ötən 39 ildə keçdiyi inkişaf yolundan danışıb.
"İran İslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb.
Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib və bildirib ki Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlər birləşdirir.
Nazir qeyd edib ki, son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub. 2017-ci ildə ticarət dövriyyəsi 30 faiz artıb.
"Dünən Astara-Astara dəmir yolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də əlaqələr inkişaf edir", – deyə nazir əlavə edib.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.