Türk ordusundan növbəti əməliyyat: Bombardımançı təyyarələr hərəkətə keçdi

Terror təşkilatlarının istifadə etdiyi 19 hədəf məhv edilib, 34 terrorçu öldürülüb
Sputnik

BAKI, 9 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) "Zeytun budağı" (Zeytin dalı) əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsində PYD/YPG terror şəbəkəsinə aid hədəflərə qarşı növbəti hava hücumlarına başlayıb.

Suriyadakı ABŞ hərbçilərinə həyəcan siqnalı daxil oldu: Türklər Menbiçə girir

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda Türkiyənin döyüş təyyarələri Afrində PYD/YPG terror birləşməsinin hədəflərini havadan vurur. Hava əməliyyatı nəticəsində TSQ və Azad Suriya Ordusunun (ASO) nəzarətində olan Burseya dağının cənub-qərbindəki Bafilun dağı da daxil olmaqla, azı 6 hədəfin vurulduğu bildirilir.

Hərbi mənbələr hava hərakatının fevralın 9-u gecə yarısı başladığını və indiyədək davam etdiyini açıqlayıb. TSQ Baş Qərargahından verilən açıqlamaya görə, "Zeytun budağı" əməliyyatının başlanmasından keçən 21 gün ərzində Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən PKK, KCK, PYD/YPG və İŞİD terror təşkilatlarına aid sığınacaq, kazarma, silah-sursat deposu və silah anbarı kimi istifadə edilən 19 hədəf məhv edilib.

Hərakatda iştirak edən təyyarələr sağ-salamat məxsus olduqları bazalara dönüb. Bölgədən verilən məlumata görə, 9 fevral 2018-ci il tarixində 34 terrorçu məhv edilib. Beləliklə, əməliyyat başlayandan indiyə qədər məhv edilən terrorçuların sayı 1.062 nəfərə çatıb.

Hərbi hava qüvvələri və quru qoşunlarının birgə həyata keçirdiyi əməliyyat uğurla davam etməkdədir. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri 20 yanvar 2018-ci il tarixində axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı" adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK, KCK, PYD/YPG və İŞİD terror qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Onu da qeyd edək ki, hazırda Türkiyə ordusunun əməliyyat keçirdiyi ərazi ilə ABŞ hərbçiləri və PYD/YPG silahlılarının keşik çəkdiyi bölgə arasında cəmi 1.5 km məsafə var.