CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı eks-məmurun bir milyonluq qızıl ehtiyatı hakimi niyə təəccübləndirmir?

Hakim Azərbaycanın eks-məmur milyonçusunun bu qədər qızılının mənbəyini öyrənmək istəmir
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Vəkil Türkel Süleymanlı Apellyasiya Məhkəməsinə təklif edib ki, sabiq nəqliyyat nazirinin müşaviri Çingiz Baxşıyevin qızıl ehtiyatlarının mənbəyini araşdırsın.

Azərbaycanda yüksək ranqlı məmur işdən çıxarıldı

Fevralın 6-da vəkil Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun qarşısında 800 min manat dəyərində olan 50 kq qızılın oğurlanması ilə bağlı iddia üzrə məhkəmə araşdırması aparmaq barədə vəsatət qaldırıb. Çünki istintaq orqanları bundan əvvəl Baxşıyevin bu qədər böyük həcmdə qızıl ehtiyatının mənbəyinə və digər nüanslara aydınlıq gətirməyib.

Bu barədə Sputnik Azərbaycan-a vəkil Türkel Süleymanlı məlumat verib.

Qeyd edək ki, Baxşıyev öz qohumu və ləğv edilmiş Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşı, 55 yaşlı Əhmədov Rövşən Şirəli oğlunu oğurluqda günahlandırıb.

Əhmədov 2016-cı ilin aprel ayında Baxşıyevə məxsus 800 min manat dəyərində 50 kq qızılı mənimsəməkdə günahlandırılaraq saxlanılıb.

Qeyd edək ki, Baxşıyevlə Əhmədov arasında etimad münasibətləri olub və birinci həmişə öz qızıl və pulunu saxlamaq üçün Əhmədova etibar edib. Onlar arasında əşya və pulla bağlı heç vaxt problem olmayıb. Sonuncu dəfə Baxşıyev Əhmədova saxlamaq üçün 800 min manat dəyərində 50 kq qızıl verib. Sonra Baxşıyev Əhmədova telefonla zəng edərək qızılı onun evinə gətirməyi tapşırıb. Əhmədov onun dediyini edib. Təqsirləndirilən şəxs qızılı Baxşıyevin evinin girişinə qədər gətirib. 

Dünyanın qızıl ehtiyatı
Bu zaman Baxşıyev ona zəng edərək qızılı yeznəsinə verməyi tapşırıb. Əhmədov qızılı Baxşıyevin yeznəsinə verib. İki ay keçəndən sonra məlum olub ki, çantada saxlanmaq üçün verilmiş qızılların hamısı yoxdur, sadəcə onların bir hissəsi var. İtmiş zinət əşyalarına görə Baxşıyev Əhmədovu günahlandırıb.

Lakin 2017-ci il aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi prokurorun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəməsinə baxmayaraq, iddianı əsassız sayıb və Əhmədova bəraət verib. Baxşıyev məhkəmənin qərarı ilə razılaşmayıb və birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Türkel Süleymanlı Əhmədovun müdafiəsini öz üzərinə götürüb.

Birinci instansiya məhkəməsinin hökmünə baxmayaraq, Apellyasiya Məhkəməsi bu il yanvarın 16-da Əhmədovun həbsi barədə qərar çıxarıb. Və qərar verilən zaman Əhmədov Maştağadakı 1 saylı ruhi-əsəb dispanserində olub.

Vəkil diqqəti o fakta yönəldib ki, qızıl-zinət əşyalarının oğurlandığı barədə fakt Əhmədov onları Baxşıyevin yeznəsinə verəndən 2 ay sonra məlum olub. Baxşıyev qızılların Əhmədov tərəfindən oğurlandığına əmin deyil, amma bu, ona qohumunu oğurluqda günahlandırmağa mane olmayıb.

Məmur nəvəsinin məhkəməsi başlayır

"Cinayət işinin materiallarında Əhmədova məhz 800 min manatlıq qızılın verildiyinə dair heç bir sübut yoxdur. İttiham Baxşıyevin ifadəsi əsasında irəli sürülüb. Niyə məhkəmə soruşmur ki, Nəqliyyat Nazirliyinin məmurunda o qədər pul haradandır və o, niyə qızıllarını bankda saxlamaqdan qorxub, evdə saxlayıb", – deyə vəkil sual verib.

Hakim Bayramov isə dövlət məmurunda 1 milyon manatlıq qızıl ehtiyatının olmasında təəccüblü heç nə görməyərək vəkilin vəsatətini təmin etməyib. Bununla əlaqədar olaraq, müdafiə tərəfi məhkəmənin hakim heyətinə bəyan edib ki, onlar insanı oğurluqda günahlandıran keçmiş nazir müşavirinin qızıllarının mənbəyinə aydınlıq gətirməli və onun iddiasının həqiqət olduğunu sübut etmək üçün məhkəmə araşdırması tələb etməlidirlər. Belə olan təqdirdə isə məhkəmə təkcə eks məmurun ifadəsi əsasında ittiham aktı irəli sürmüş olur.

Vəkil iddia edir ki, məhkəmə sədri onsuz da onun vəsatətini təmin etməyəcək, lakin bu, sözügedən işdəki nöqsanları və qanun pozuntularını isbat etməyin yeganə yoludur.