CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP sürücülərin müdafiəsinə qalxdı: "Hər şeyi onların üstünə yıxmaq olmaz"

Sürücülərin məsuliyyətinin azaldılması təklif olunur
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Son zamanlar piyada vurulması ilə baş verən avtomobil qəzalarının sayı artmaqdadır. Statistikaya görə, ötən il baş verən qəzaların 50 faizi piyada vurulması ilə qeydə alınıb.

Piyadaların yolun qadağan edilmiş, hərəkətli hissələrindən keçməsi, işıqforlara əhəmiyyət, yerüstü və yeraltı keçidlərə önəm verməməsi piyadaların vurulması ilə nəticələnən qəzaların sayını artırır. Nəticədə məsuliyyətə cəlb edilən isə sürücülər olur. Vurulan piyadanın sağlamlığının bərpa xərcləri, əmək qabiliyyəti bərpa edilənə qədər maddi təminatı sürücü tərəfindən ödənilir.

Bakıda sürücü yol polisinə yol vermədi və dərhal cəzalandı

Məsələn, bu yaxınlarda tanışlardan biri iddia edirdi ki, 8 il əvvəl baş vermiş qəzada ayağından zərbə almış vətəndaş indiyə qədər yay aylarında onu vuran sürücünün hesabına xaricdə istirahət edir.

Qeyd edək ki, bir müddət əvvəl piyadaların qayda pozmağa görə 100 manata qədər cərimələnə biləcəyi məsələsi gündəmə gəlmişdi. Lakin məsələ müzakirə edilmədən bağlandı. Bu isə piyadaların daha da laqeyd, biganə olmasına zəmin yaradır. "Sürücü keçdiyimi görür, zəhmət çəkib saxlasın", "vursa, onsuz da tutulacaq" və s. formada düşünən piyadaların çox olması da daha çox qayda pozuntusu, qəza ilə nəticələnir.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, piyadaların necə qayda pozduqlarına hamı şahiddir: "Görürük ki, hətta yeraltı-yerüstü keçid olduğu halda belə, piyadalar tənbəllikdən, biganəlikdən, məsuliyyətsizlikdən yolun hərəkət hissəsinə çıxırlar. Nəticədə qəza baş verir. Qəzada isə ən ağır zərəri elə piyada özü çəkir".

K.Əliyevin sözlərinə görə, yol hərəkət qaydalarını pozan kifayət qədər azyaşlılar da var: "Onlar da böyüklərin təqsiri üzündən baş verir. 2017-ci ildə piyada qismində 42 uşaq ölüb, 122 nəfər isə yaralanıb. Ölənlərdən 12 nəfəri 7, qalanı isə 16 yaşına qədər olan uşaqlardır. Bunların bir hissəsi elə valideynin yanında baş verib, digərləri isə valideyn məsuliyyətsizliyi üzündən yolda nəzarətsiz qalan uşaqlar olub".

Qurum sözçüsü deyib ki, keçən ilin təxmini məlumatlarına görə, yol qəzalarının 50 faizindən çoxu piyada vurulması ilə nəticələnib: "İl boyu həmin faiz müşahidə edilib. Bir-iki ay oldu ki, piyada vurulması 47-48 faiz olsun. Amma digər aylarda bu rəqəm 52 faizə qədər qalxırdı. Yollara betonların, dəmir aralıqların qoyulmasına baxmayaraq, piyadalar dəmirlərin, betonların üzərindən yol keçməyə cəhd edirlər. Bu insanlar düşünmürlər ki, betonun üzərinə çıxsalar, enəndə qəflətən sürətlə gələn avtomobilin altına düşə bilərlər. Elə bil, piyadalar öz həyatlarının qəsdinə durublar. Hansı ki, həmin yerdən 100-200 metr aralıda piyada keçidləri var".

Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza

"Tənbəllikdənmi, biganəlikdənmi insanlar özlərini təhlükəyə atırlar. Məsələn, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində yerüstü piyada keçidi var. Yolda sürət həddi isə 90-dır. Orada bir istiqamətdə 5 zolaq, digər tərəfdə isə əvvəlcə 3, Sulutəpədən gələn yolda isə 2 zolaq var. Təsəvvür edin ki, 100 metr getməyin dərdindən bu yolu beton piltənin üzərindən aşaraq keçənlər var" — həmsöhbətimiz bildirib.

Kamran Əliyev piyadaları məlumatlandırıb ki, əgər sürücü qayda pozmayıbsa, yol yüksək sürətli yoldursa, qəza baş verdiyində və piyada xəsarət aldığında sürücü heç inzibati məsuliyyətə cəlb olunmur: "Belə hallar olanda araşdırma gedir. İstintaqın və ya təhqiqatın nəticəsi olaraq qərar qəbul edilir. Bütün qəzalarda sürücü təqsirkar hesab edilmir".

Onun sözlərinə görə, keçən il piyada vurulması ilə baş verən yol qəzalarından 100-ü piyadaların öz günahı üzündən baş verib: "Və həmin qəzalara görə sürücülər heç bir məsuliyyətə cəlb edilməyiblər. Piyadaların yaxınları onlara başa salmalıdır ki, haradan keçmək olar, haradan olmaz. Ancaq dediyim kimi, çox zaman vurulan piyadanın qohumları əl çəkmir, sürücünün məsuliyyətə cəlb olunmasını tələb edirlər. Sürücü qayda pozmayıbsa, məsuliyyətə cəlb edilmir. Bəzən piyada yolu elə keçir ki, qəza qaçılmaz olur. Qəzada 1 tonluq avtomobil piyadaya çırpılırsa, təbii ki, zərərçəkən piyada olacaq".

"Piyada vurulubsa, sürücü qayda pozmayıbsa, (araşdırma zamanı məlum olur) sürücü məsuliyyət daşımır. Bunu piyadaların qohumları da başa düşməlidir. Sənin kiminsə övladı olmağın nəqliyyatın hərəkət yoluna çıxmana imtiyaz vermir. Piyada bilməlidir ki, onun üçün qadağan olunmuş yola çıxırsa, sürücü avtomobili saxlaya bilmirsə, qəza qaçılmazdırsa, sürücü məsuliyyət daşımır. Özünüzü bir sürücülərin də yerinə qoyun!" – deyə K.Əliyev bildirib.

Müsahibimiz onu da qeyd edib ki, valideynlər yol keçən övladlarına ciddi nəzarət etməlidirlər: "Uşaqlarının hansı şəkildə yol keçdiklərinə, işıqforda gözlədiklərinə nəzarət etməlidirlər. Valideynlər uşaqlarının təhlükəsizliyini özləri qorumalıdır. Hər şeyi dövlət qurumlarından və ya müəllimlərdən gözləmək olmaz. Valideyn unutmamalıdır ki, baş verən hadisədən zərərçəkən elə özü olacaq".

DYP rəsmisi əksər piyadaların yol hərəkəti qaydalarından məlumatsız olduqlarını da dilə gətirib: "Bəzən piyada keçidi zolaqları olan yollarda piyadalar elə bilirlər ki, hərəkət hər zaman onlar üçün açıqdır. İşıqforda nəqliyyata yaşıl, piyada üçün isə qırmızı işıq yanır. Piyada qırmızı işıqda keçir, avtomobil siqnal verəndə isə piyada zolağı göstərir ki, yol bunundur, keçməlidir. Görmür ki, onun üçün qırmızı işıq yanır. Piyadalar da yol hərəkəti qaydasını bilməlidir. Bütün zolaqlar piyadaların üzünə açıq deyil".

Bakı-Sumqayıt yolundakı qəza ölümlə nəticələnib

Kamran Əliyevin sözlərinə görə, qəzaya səbəb olan piyadalar arasında cinayət məsuliyyətinə cəlb olunanlar da var: "Məsələn, piyada qəfildən yola çıxıbsa, sürücü onu vurmamaq üçün avtomobili qaçıraraq başqa adama xəsarət yetiribsə və ya özü xəsarət alıbsa, belə halda piyada cinayət məsuliyyətinə cəlb edilib. Hətta elə sürücülər var ki, piyada üzündən baş vermiş qəzada xəsarət aldığına, avtomobilinə zərər dəydiyinə görə piyadanı məhkəməyə verib və dəyən ziyanı piyadadan alıb".

"Piyada düşünməsin ki, yola çıxdısa, onu avtomobil vurdusa, sürücü günahkardır. Qaydanı kim pozursa, günah ondadır. Əgər sürücü qayda pozmayıbsa, o, nəinki cinayət məsuliyyətinə, heç inzibati məsuliyyətə də cəlb edilə bilməz" — Əliyev vurğulayıb.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında piyadalara 100 manat məbləğində cərimə tətbiq edilməsi məsələsini xatırladıb: "Bir müddət əvvəl qanunvericiliyə dəyişiklik edilərkən təklif olundu ki, piyadaların 100 manat cərimələnməsi nəzərə alınsın. Məsələn, qadağan edilən yollardan yolu keçən piyadalar 100 manat cərimələnsin. Təəssüf ki, bu məsələ gündəmə gətirilmədi, müzakirə edilmədi. Təsəvvür edin ki, Bakı şəhərində 50-60-lıq yolda insan özünü atır yolun ortasına ki, maşındır, dayanacaq. Bəs 110-120-lik yolda özünü yola atanlar nə düşünür, maraqlıdır. Yəni onlar əmindir ki, 120 sürətlə gələn avtomobil dayanıb ona yol verəcək? İnsan bu qədər şüursuz ola bilməz".

Ekspert düşünür ki, piyada qəzalarında sürücülərin məsuliyyət məsələsi azaldılmalıdır: "Ola bilər, yol nəqliyyat hadisəsi intihar xarakterli olsun. Avtomobil vurur, ölür. Sağ da qalmır, izahat versin ki, mən özüm ölmək istəyirdim, intihar etmişəm, sürücü məsuliyyətə cəlb edilməsin. Düşünürəm ki, qanunvericilikdə sürücülərlə bağlı məsələ öz həllini tapmalıdır. Hazırkı qanunvericilikdə bütün məsuliyyətlər sürücünün üzərindədir. Düşünürəm ki, xarici təcrübədən yararlanmağın vaxtı çatıb".

E.Muradlı sürücülərin məsuliyyətinin azaldılmasına ehtiyac olduğunu belə izah edib: "Təsəvvür edin, yerüstü piyada keçidinin altında piyada vurulur və sürücü məsuliyyətə cəlb olunur. Bu, çox məntiqsizdir. Qanunla da belə yanaşılır: sürücünün imkanı var idimi qəzanın qarşısını alsın? Sürücü belə qəzanın qarşısını necə ala bilər? 90 km sürət həddi qoyulub. Sürücü də görür ki, qabaqda yerüstü keçid var və düşünür ki, yəqin burada kimsə yola çıxmaz".

"Axı qanunda izah edilmir ki, diqqətli ol, hər şey ola bilər. Bunu qanunda sürücüyə öyrətsəydilər, sürücü başa düşərdi ki, piyada keçidinin özündən başqa piyada hər yerdən keçə bilər. O zaman da sürücü hazırlıqlı olardı. Yerüstü keçidlərin beton dirəkləri olur. Bir də görürsən, piyada dirəyin arxasından atılır yola, sürücü belə halda nə etsin? 90-la gələn avtomobil qəfil tormozlanma zamanı ən azı 30 metrdən sonra dayanır. Bu məsafədə piyadanı qorumaq mümkün deyil. Sağda-solda avtomobil varsa, niyə sürücü avtomobili qaçırıb bədbəxt olmalıdır? Bu baxımdan düşünürəm ki, sürücülərin məsuliyyəti azaldılmalıdır" — ekspert təklif edib.

Keçid

"Piyada vurulan kimi hamı yığılır başına ki, vuran sürücü vurulanın sağlamlığını təmin eləsin, evinə kompüter də alsın, uşaqlarını məktəbə aparıb gətirsin və s. Sürücünün o qədər imkanı olsa, sürücü niyə olurdu ki? Düşünürəm ki, məsuliyyətsiz piyadalara görə, sürücülər məsuliyyət daşımamalıdır"- deyə o vurğulayıb.

Muradlı bəzi yerlərdə keçid problemi olduğunu da qeyd edib: "Söhbət yüksək sürətli avtomagistrallardan gedirsə, "Yol hərəkəti haqqında" Qanuna görə, 700-1000 metr olan magistral yollarda təxminən 100 metrdən bir piyada keçidi olmalıdır. Amma varmı? Baxın, problem bundan qaynaqlanır. Magistral yollarda harada piyada keçidləri var? Piyada zolaqları da olmalıdır. Amma bu, gündüzlər keçərlidir, gecələr piyada zolaqlarının keçərli olması üçün işıqlandırma sistemləri olmalıdır".