BAKI, 31 yanvar — Sputnik. Türkiyənin "Galatasaray" futbol klubunun keçmiş meneceri Levent Nazifoğlu sarı-qırmızılı klubun gündəminə dair sərt açıqlamalar verib. Klubun yüksək liqada uğurlu çıxışına baxmayaraq, maliyyə çətinliyi ilə üzləşdiyini deyən eks-menecer rəhbərliyin fərasətsiz olduğunu söyləyib.
"Sizə gizli qalan bir şeyi söyləyim. Azərbaycanlı bir qrup var idi. Bir ara komandanı onlara satmaq istədilər. Təsəvvür edin, bu haqda hətta düşünmüşdülər də. Çox fərasətsiz idarəçilik var və bu, illərdir beləcə davam edir", — Nazifoğlu qeyd edib.
Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, sabiq idarəçi bəzi oyunçuların aylıq maaş almaqda sıxıntı yaşadıqlarını deyib: "Əslində elə də gizli qalan bir şey deyil. Hücumçumuz Qomis maaşını vaxtında ala bilmir. Bunu bütün mətbuat yazıb. Ancaq o, şərəfli davranaraq hər oyunda maksimum gücünü ortaya qoyur, peşəkarlığını göstərir. Digər futbolçularımız da maaşda sıxıntı çəkirlər".
"Belə rəhbərliklərlə işləmək çox çətindir. Bir də heç vaxt menecer olmaq istəməzdim", — Levent Nazifoğlu bildirib.