İDMAN

"Neft pullarımızı yeyən"lə bağlı şok həqiqət üzə çıxdı

Tərcüməçi: "Bəlkə də bu idmançı üçün hazırlanan təxribatdır"
Sputnik

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Azərbaycan boks millisinin və "Qəbələ" İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun şəxsi "İnstagram" hesabında dəstələrlə manat şəkli paylaşması onu izləyənlərin etirazına səbəb olub. İzləyicilər idmançının pul ilə belə şəkillərini bəyənməyib, hətta idmançının ünvanına təhqir də yazıblar.

Sputnik Azərbaycan boksçunun bu şəkilləri hansı məqsəd ilə paylaşdığını və ona qarşı olan etiraza münasibət almaq üçün özü ilə əlaqə saxlamaq istəyib. İdmançı Kubada olduğu üçün onun yaxın dostu və tərcüməçisi Vəli Məmmədov məsələyə belə aydınlıq gətirib.

Lorenso Sotomayorun yazışması

"Mən özüm də İnstagram səhifəsinə dostluq atdım və həmin profilə mesaj yazdım. Mənə cavab verən insan Lorenso Sotomayor deyil. Profilin sahibi kimdirsə, məni tanımadı və mənə ingilis dilində cavab yazdı. Halbuki, Lorenso mənimlə heç vaxt ingilis dilində danışmır. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, Sotomayor Kubadadır. Orada internetə daxil olmaq qadağandır. Yalnız parklarda pulla internetə daxil olmaq mümkün olur. Hətta onu da deyim ki, dostum 2 gündən çoxdur ki, internetə daxil olmur. Deməli bu şəkili yayan Sotomayor deyil. Kimdirsə, onun adına saxta profil açıb və Sotomayorun şəkillərini paylaşaraq onu gözdən salmaq istəyir. Bəlkə də bu idmançı üçün hazırlanan təxribatdır. Bir onu deyə bilərəm ki, bu profili Lorenso işlətmir və profil saxtadır".