Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 31 yanvar — Sputnik. Azərbaycana gətirilən mühərrik benzin növlərinə yanvarın 23-dən yeni aksiz dərəcələri tətbiq edilib. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan iqtisadçı-ekspert Qalib Toğrul deyib ki, oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb: "Azərbaycanda sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzin ölkəmizdə istehsal olunur. Ona görə hesab etmirəm ki, qiymət artımı baş verə bilər".
Q.Toğrul bildirib ki, yeni aksiz dərəcələrinin "Aİ-92", "Aİ-95", "Aİ-98" markalı benzinin qiymətinə təsiri olmayacaq: "Aİ-92" markalı benzin Azərbaycana idxal edilmir. Ona görə də bu, nə "Aİ-92", nə "Aİ-95" premium markalı, nə də "Aİ-98" super markalı benzinin qiymətinə təsir edəcək. Əgər təsir edəcəksə, kimsə qiymət qaldırmağa cəhd edəcəksə, bu, qeyri-obyektiv bir addımdır, süni yolla benzinin qiymətinin artırılmasıdır. Amma hesab edirəm ki, bu, baş verməz".
Ekspert ötən ilin iyul ayında edilən dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisinin 200 manatdan 1 manata endirilməsinin səbəbini də açıqlayıb: "Bu, ona görə olub ki, o vaxt ölkədə bu sahədə istehsal ilə bağlı müəyyən yenidənqurma işləri aparılırdı. Aksiz vergisi ona görə aşağı salınmışdı ki, daxili bazardakı benzinin qiymətinə təsir etməsin. Hazırda yenə də köhnə vəziyyətə qayıtmışıq".
Xatırladaq ki, 2017-ci il iyul ayının 17-də Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.
Onu da əlavə edək ki, analoji qərar 2016-cı ilin avqustunda Heydər Əliyev adına BNEZ-in təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq "Ai-92" markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi.
Qeyd edək ki, yeni qəbul olunmuş Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.