BAKI, 25 yanvar — Sputnik. Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda gündəlikdə 2 məsələ — komitənin 2017-ci il payız sessiyasında gördüyü işlər və 2018-ci ildə yaz sessiyası üçün işlər planı olub.
Komitə sədri Aqiyə Naxçıvanlı deyib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib: "Bu iclaslarda 6 məsələ, o cümlədən 4 qanun layihəsi müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə vətəndaşlar tərəfindən 124 müraciət daxil olub, həmin müraciətlərin 70-i tədbir görülməsi üçün aidiyyatı təşkilatlara göndərilib, digərləri isə müvafiq qaydada həll edilib".
2017-ci ilin payız sessiyası dövründə komitə tərəfindən görülən işlərdən danışan komitə sədri deyib ki, hesabat dövründə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunda dəyişiklik, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik Milli Məclisdə qəbul olunub. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq orqanlara təqdim edilib.
Komitə sədri cari məsələlərlə bağlı komitə üzvləri ilə müzakirələr aparıb.