MƏDƏNİYYƏT

Əzilənləri necə xilas etmək olar?

Öyrətmək üçün ən mükəmməl vasitə, heç şübhəsiz, sənətin özüdür
Sputnik

BAKI, 23 yanvar — Sputnik. 1973-cü ildə Peru xalqının 25 faizi oxuma-yazma problemi yaşayır. Peru höküməti 4 il ərzində bu problemi aradan qaldırmağı önünə məqsəd qoyur. Ölkənin əsas dili ispanca olsa da, Peruda 40-a yaxın ləhcə və digər dil qruplarının mövcud olduğu təxmin edilir.

İnsan əzablarından pul qazananlar

Belə bir şəraitdə, əlbəttə, həmin kəsimə ispanca oxumaq və yazmaq öyrətmək çox müşkül məsələyə çevrilir. Lakin ağıllı hökümət bu işi dil mütəxəssislərinə deyil, sənət adamlarına tapşırır.

Bu "Alfin" adlanan layihənin əsas iki prinsipi olur: Birincisi, insanlara həm öz ana dillərində, həm də ispanca oxuma-yazma öyrətmək lazım olur ki, onlar öz ana dillərini itirmək qorxusu yaşamadan hər iki dildə mükəmməl biliyə sahib olsunlar; İkincisi, musiqinin, teatrın, rəsmin, kinonun, memarlığın və digər mədəni sənət sahələrinin dilini öyrətmək olur ki, insanlar həm də bir şeylər yaradaraq, kəşf edərək öyrənsinlər.

Bu layihədə braziliyalı teatr nəzəriyyəçisi Auqusto Boalın o dönəmlər yeni yaratmış olduğu "Əzilənlər teatrı" adlı nəzəriyyəsindən də istifadə olunur. Bir halda ki, əzilənlər teatrı siyasəti teatrdan ayrı tutmurdu, teatrın da bütün təbii proseslər kimi siyasətin özü olduğunu vurğulayırdı, daha da irəli gedərək, teatrı siyasətin məşqi hesab edirdi, o zaman ölkənin və eləcə də bütün dünyanın siyasi gedişatında teatrın yer alması da təbii idi.

Əzilənlər teatrı sükuta qərq olmuş tamaşaçını sevmir. Bu teatr forması tamaşaçını passiv vəziyyətdən, aktiv vəziyyətə keçirir, hətta onu əsərin qəhrəmanına çevirir. Bizim coğrafiyada çox da tanınmayan və istifadə olunmayan bu teatr forması 80-ci illərdən etibarən Amerika və Avropada geniş yayılıb. Bizdə isə son illər ADO teatrının bəzi tamaşalarında əzilənlər teatrının elementlərinə rast gəlmək olur.

Aristotelin teatr nəzəriyyəsinə görə aktyorun canlandırdığı obraz tamaşaçının əvəzinə düşünməli, qərar verməli, tamaşaçının arzulayacağı kimi davranmalı, onun hiss və duyğularına xitab etməli idi. Buna "katarsis" deyilir. Bertolt Brextə görə isə, tamaşaçının hiss və duyğulara qapılması əhəmiyyətli deyildi.

Brextin teatrı tamaşaçını düşündürmək məqsədi güdürdü. Tamaşaçını emosiyalara qərq olmuş duyğusal şəxsdən tənqidçiyə, təhlilçiyə, etirazçıya çevirirdi. Auqusto Boalın əzilənlər teatrı isə hadisənin özünə köklənib, tamaşaçını salondan səhnəyə çağırır. Ona əsas obrazı verir, hətta hadisələrin gedişatını dəyişmək, istədiyi kimi davranmaq, düyünlərdən çıxış yolu tapmaq, arzu etdiyi nəticəyə nail olmaq kimi imkanlar tanıyır.

Məşhur aktyor: "Azərbaycanda teatr binaları var, amma teatr yoxdur"

Bu teatr nəzəriyyəsinin adı da səssizliklə tamaşanı izləyən kütlənin əzilənlər hesab edilməsindən gəlir. Aktyor və onun canlandırdığı obrazın tamaşaçının əvəzinə düşünüb qərar verməsini izləyicilər adına əzilmək kimi qəbul edən Auqusto Boal səhnə ilə tamaşaçı arasındakı bütün sərhədləri götürməyə çalışır, hətta teatrı öz ilkin vəziyyətinə, tamaşaçıların arasına qaytarır.

Məhz buna görə də Perudakı oxuma-yazma problemini həll etmək üçün Auqusto Boalın teatr nəzəriyyəsindən istifadə etmək ehtiyacı yaranır. Çünki Boala görə oxuma-yazma bilməyən, mühitə uyğunlaşmaqda, kütləvi proseslərdə iştirak etməkdə, ümumi qərarlar almaqda, ölkənin ictimai-mədəni həyatında yer tutmaqda çətinlik çəkən savadsız kəsim əzilənlər sayılırdı.

Oxuma-yazma bilməyən adamlara ispan dilində suallar verilir. Onlar isə ispan dilində cavab verməyə məcbur deyillər. Rəsm çəkərək, rəqs edərək, mahnı oxuyaraq, müxtəlif işarə və hərəkətlərdən istifadə edərək cavab verə bilirlər. Beləliklə, həm onlara verilən sualları cavablandırır, həm də onlarla danışan sənət adamlarının axıcı və aydın nitqini əzbərləyirlər.

Bu prosesə Auqusto Boalın nəzərriyyəsi ilə yanaşanda görürük ki, dil öyrənməyə çalışan savadsız kütlə birbaşa teatr səhnəsində hansısa obrazı canlandırmaqdadır. Bir şeylər öyrənmək üçün nə qədər gözəl metoddur, deyilmi?

Əfsus ki, əsas qayəsi öyrətmək, düşündürmək, kamil fərdlər yetişdirmək olan sənət, müasir dövr insanlarının əksəriyyəti tərəfindən sadəcə əyləncə məqsədi ilə istifadə edilir. Lakin sənətdə əyləncə də öyrənmək üçün olmalıdır. Yəni əylənə-əylənə öyrənmək daha tez və daha asan qavramağa gətirib çıxarır. Boalın dili ilə desək, bütün əzilənləri də yalnız öyrətməklə xilas etmək olar! Öyrətmək üçün ən mükəmməl vasitə, heç şübhəsiz, sənətin özüdür.