BAKI, 22 yanvar — Sputnik. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin növbəti iclası keçirilib. Platformanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayevın başçılığı altında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində dəyirmi masa formatında keçirilib.
İclasda İdarə Heyatinin üzvləri Kamil Səlimov, Rizvan Hüseynov, Ümid Mirzəyev, Rövşən Rzayev, Novella Cəfərova, iclasa onlayn şəklində qatılan Rimma Sarkisova, Oksana Altunyan Sergey Simanovskiy, Erik Xaçaturov, Selin Şənocaq, eləcə də Vətəndaş Sülh Platformasının Katibliyin koordinatoru Dilarə Əfəndiyeva və İctimaiyyətlə Əlaqələr üzrə menecer Kənan Zülfüqarov iştirak ediblər. Görüş iştirakçıları 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək bu faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı veriblər.
İclasda gündəm məsələləri müzakirə edilib: Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Təsis Qurultayına həsr olunmuş videomaterialların izlənməsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının qeydiyyatı ilə bağlı məsələlərin müzakirə edilməsi, qəbul edilmiş ərizələrin müzakirəsi və yeni üzvlərin qəbul edilməsi, eləcə də, bir sıra aktual məsələlər həll olunaraq gələcək işlərin perspektivlərində öz əksini tapıb.
Professor Kamil Səlimov Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının fəaliyyəti ilə bağlı konkret təkliflərlə çıxış edib. İdarə Heyəti bu təklifləri gələcək iş planına daxil etməyi qərara alıb. Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvlüyünə Aleksey Frantskeviçin ("Asociace Pro Modernizace". Çexiya) namizədliyinə baxılaraq təsdiq olunub.