BAKI, 22 yanvar — Sputnik. YPG kürd döyüşçü dəstələrinin baş komandanı Sipan Hemo Ankaranı Suriyadakı Afrin kürd kantonuna hücumdan çəkindirmədiyi üçün Rusiyanı satqınlıqda günahlandırıb.
Sputnik Azərbaycan YPG-nin rəsmi saytına istinadla xəbər verir ki, Hemo başda Rusiya olmaqla digər qlobal güclərin Türkiyənin Afrin hücumuna münasibətlərini şərh edərkən deyib: "Faşist türk dövləti hər kəsin gözü qabağında kürdlərə qarşı işğal və qətliam həyata keçirir. Bu işğal və qətliama görə bütün dünya məsuliyyət daşıyır. Ona görə də, heç kəs səssiz qalmamalıdır".
"İndi vəziyyəti ən çox Rusiya izah etməlidir. Rusiya hazırda işğalçı və qətliamçı türk dövləti ilə müttəfiq olaraq bizə qarşı cəbhədə dayanır. İki ildir rus hərbçiləri Afrindədir və davamlı olaraq kürdlərlə birlikdə bir sıra problemləri həll edəcəklərini iddia edirdilər. Davamlı olaraq kürdlər olmadan problemin həllinin mümkünsüz olduğunu deyirdilər" — deyən Hemo artıq kürdlərin Moskvanın əsl üzünü gördüyünü və Rusiyanın prinsipsiz dövlət olduğunu anladıqlarını qeyd edib.
"Ruslarla bəzi razılaşmamız vardı. Amma Rusiya bir gecədə bu razılaşmaları heçə sayaraq bizə xəyanət etdi. Açıq şəkildə bizi satdı" — deyən kürd baş komandan Rusiyanın tacir dövlət olduğunu və türklərlə sazişə girdiyini iddia edib.
Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Afrində terrorçu hesab etdiyi kürd silahlı birləşmələrə qarşı hərbi əməliyyatlara başlayıb. Türklər 48 saat ərzində Afrin istiqamətində 7,5 kilometr irəliləyiblər.